Xarici media Rusiya prezidenti Vladimir Putinin dünən Tehranda ikitərəfli danışıqlara başlamazdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı xeyli gözləməli olduğuna diqqət çəkib.
7Times.az xəbər verir ki, bir sıra KİV Putinin Ərdoğanı təxminən 50 saniyə gözləməyə məcbur olduğunu yazıb.
Türkiyə mediası isə xatırladıb ki, keçmişdə Ərdoğan da daxil olmaqla həmkarları ilə görüşləri gecikdirən Rusiya lideri dəfələrlə onları gözləməyə məcbur edib.
Türkiyə Prezident Administrasiyası tərəfindən yayılan videoda Putinin kreslosunun və iki dövlət bayrağının qarşısında dayanaraq, Ərdoğanı gözlədiyini görmək olar. Putin gəzişir, dodaqlarını çeynəyir, var-gəl edir…daha sonra Ərdoğan görünən kimi qollarını yan tərəfə açaraq, bayaqdan onu gözlədiyini biruzə verir.
“Salam, necəsiz? Yaxşı?” – Ərdoğan deyir, sonra liderlər bir-birinə gülümsəyərək əl sıxırlar.
Media bu hadisəni Putinin dünya liderlərini gözləməyə məcbur etdiyi digər vaxtlarla müqayisə edib.
Xüsusən 2020-ci ildə Moskvada Ərdoğanın görüşdən əvvəl Rusiya liderini təxminən 2 dəqiqə gözlədiyi xatırladılıb. Türkiyənin T24 saytı Tehrandakı hadisəni nəzərdə tutaraq, “bu qisas idimi?”, – deyə sual edib
Rusiyanın “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov isə yazır ki, Ərdoğanın görüşə gecikməsinə səbəb onun dəhlizdə Rusiya liderinin mətbuat katibi Dmitri Peskovla qarşılaşması olub.
“Kim bilərdi ki, cənab Ərdoğan Dmitri Peskovla dəhlizdə görüşəcək. Türkiyə prezidenti artıq Peskovun yanından keçib gedirdi, amma birdən qayıdıb öz türkcəsində onunla danışıb.
“Uzun müddətdir məni görmürdü…” – Peskov sonradan utanaraq üzr istəyib.
Bu arada Rusiya prezidenti heç də az yox, 3 dəqiqə kameralar qarşısında yöndəmsiz şəkildə dayanmalı olub”, – deyə “Kommersant”ın müxbiri yazıb.