“Azərbaycanın təmas xəttindən geri çəkilməsi Ermənistanla yanaşı, İranın da imkanı xaricindədir”
“İrəvanda bir neçə gün əvvəl Ermənistan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirildi, bu dəfə isə Ermənistan-İran münasibətlərinə dair müzakirələr təşkil edilib. Birinci dəyirmi masada erməni ekspertlər Rusiyanın siyasətindən narazılıqlarını ifadə edir, Moskvanın Ermənistanı lazım qədər müdafiə etmədiyini bildirirdilər. İranla bağlı dəyirmi masadan isə erməni ekspertləri razı qalıblar. Çünki dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri ermənilərin eşitmək istədiklərini deyib”.
Bunu 7Times.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, səfir deyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər: “Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə bu dəhlizin statusu ətrafında fikir ayrılığı mövcuddur. İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni, iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəklilərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanın təmas xəttindən geri çəkilməsi Ermənistanla yanaşı, İranın da imkanı xaricindədir“.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin bildirdiyinə görə, səfir həmçinin, deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır: “Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra fəaliyyətə başladı, indi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir. Rəsmi İrəvanın Azərbaycan şəhərində Ermənistan konsulluğunun onlar üçün faydalı olacağını hesablamasına ehtiyac var”.
Follow @7timesaz