Ermənistan üçün regional inteqrasiya təhlükəsizlik və rifahın açarıdır. ABŞ Ermənistanın qonşuları ilə sülh yaratmaq, region və dünya ilə əlaqə qurmaq səylərini dəstəkləyir.
7Times.az xəbər verir ki, bu fikirləri ABŞ-nin dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.
Onun sözlərinə görə, Aİ və ABŞ Ermənistana bu yolda dəstək olmaq istəyir:
“Biz istəyirik ki, Ermənistan güclü, müstəqil, regiona və dünyaya bağlı qonşuları ilə sülh şəraitində öz yerini tutsun. Birləşmiş Ştatlar və Avropa İttifaqı bu səydə tərəfdaş olmaq istəyir və hesab edirəm ki, bu gün bunun sübutudur. ABŞ Ermənistan Baş nazirinin idarəçiliyinə və iqtisadi islahatlara uyğun olan səylərə sərmayə qoyur. Biz 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəllə müqayisədə 50%-dən çox artım deməkdir”.
A.Blinken bildirib ki, ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerjinin şaxələndirilməsi, ticarət tərəfdaşlarının şaxələndirilməsi və Baş nazirin müəyyən etdiyi digər prioritetlər üçün investisiyalarla Ermənistanın demokratik və iqtisadi dayanıqlığına dəstəyi daha da artırmağa sadiqdirlər:
“Ermənistan üçün regional inteqrasiya təhlükəsizlik və rifahın açarıdır. Beləliklə, Nikol Paşinyanın sülh təklifinin kəsişmə nöqtəsində yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı, telekommunikasiya ilə daha inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Getdikcə inteqrasiya olunan, hər bir əlaqəli ölkədə insanlara fayda verəcək bir bölgə ilə güclü gələcək görünür. ABŞ və Avropa İttifaqı sizə bunu qurmaqda kömək etmək istəyir”.
Follow @7timesaz