Dünya

Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi 4,4 dəfə artıb

Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi 4,4 dəfə artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il ərzində Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi 4,4 dəfə artıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən il ərzində Ermənistandan Türkiyəyə ixrac isə 139 dəfə artıb.

Ermənistanda Türkiyə mallarına qoyulan sanksiyalar aradan qaldırıldıqdan sonra iki ölkə arasında ötən il 324,5 milyon ABŞ dolları həcmdə ticarət dövriyyəsi həyata keçirilib.

Ermənistandan Türkiyəyə 61,2 milyon ABŞ dollarlıq ixrac həyata keçirilib. Türkiyə mallarının idxalı isə 3,6 dəfə artıb.

Bildirilib ki, Türkiyədən Ermənistana daha çox sitrus meyvələri, elektrotexnika və tikinti materialları daşınıb.

Qeyd edək ki, Ermənistanda 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqo aradan qaldırılıb.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən – Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.