Hərbi

“Əsl peşəkar olsan da, əclafsan…” – Stalin general Jiqaryovu niyə vurmaq istəyib?

“Əsl peşəkar olsan da, əclafsan…” – Stalin general Jiqaryovu niyə vurmaq istəyib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1945-ci il mayın 24-də Kremlin Georgievsk zalında Böyük Qələbə münasibətilə keçirilən ziyafətdə tədbirə dəvət alanlara tam sərbəstlik verilib. Həmçinin İosif Stalin də ziyafət zamanı zalda gəzişərək marşal və generallara yaxınlaşıb, qələbənin təmin olunmasında böyük xidmətləri olan sərkərdələri təbrik edib.

Ali Baş Komandanın general-polkovnik Pavel Jiqaryova təbriki isə tam fərqlənib:

  • Pavel Fyodoroviç, sən əsl peşəkarsan, böyük hərbi təcrübən var, müharibədəki xidmətlərin danılmazdır, qələbənin təmin olunması üçün bütün bilik və bacarığını sərf etmisən, amma bunlarla yanaşı sən əclafsan…

General Stalinin üzündəki gizlənmiş təbəssümü hiss edib Ali Baş Komandanın bu ifadələrini cavabsız qoymayıb:

  • Yoldaş Stalin, sizinlə tam razıyam. Amma belə düşünürəm ki, barışmaq üçün qələbə ən yaxşı bəhanədir.

Jiqaryov kim olub? Stalin niyə onu əclaf adlandırıb? Ali Baş Komandanla generalın arasında hansı hadisə baş verib?

Müharibə dövründə Pavel Jiqaryovun hansı statusda olduğu haqda təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək kifayətdir. Müharibənin başlamasından yeddi gün sonra 29 iyun 1941-ci ildə Jiqaryov Hərbi Hava Qüvvələrinin komandanı, eyni zamanda SSRİ xalq müdafiə komissarının (müdafiə nazirinin) aviasiya üzrə müavini təyin olunub. Həmin tarixdən 1942-ci ilin 4 may tarixinə qədər, 11 ay ərzində generalla Stalinin 44 dəfə görüşü keçirilib. Ali Baş Komandan onun işindən razı qalsa da, 44-cü görüş insidentsiz ötüşməyib.

Müharibə illərində Stalin Dövlət Müdafiə Komitəsinin sədri kimi cəbhə bölgələrində xidmət edən şəxsi heyətin silah-sursat, hərbi texnika, ərzaq təminatı məslələrinə gündəlik olaraq şəxsən nəzarət edib.

1942-ci ilin aprel ayının sonlarında Stalinə hərbi təyyarələrin çatışmazlığı  məruzə ediləndə o, müvafiq qurumlara məsələni təcili araşdırmağı göstəriş verib. Məlum olub ki, 715 hərbi təyyarə hərbi zavodlar tərəfindən istismara buraxılıb, amma hansısa məlum olmayan səbəblərdən Hərbi Hava Qüvvələri tərəfindən döyüş hesabına götürülməyib. 

Məsələyə aydınlıq gətirmək üçün Jiqaryov Stalinin kabinetinə dəvət olunub. Ali Baş Komandan birbaşa mətləbə keçib:

– Siz mənə cəbhələrdə hərbi təyyarələrin sayı ilə bağlı dəqiq rəqəmləri açıqlaya bilərsinizmi?

Jiqaryov heç bir kağızdan istifadə etməyərək ayrı-ayrı cəbhələrdə döyüş hesabında olan hərbi təyyarələrin sayını söyləyib və onların hansı cəbhədə az olduğunu da diqqətə çatdırıb. Stalin növbəti sualını verib:

  • Niyə təyyarələr çatışmır? Mən sizin söylədiklərinizdən belə başa düşdüm ki, hərbi zavodlar lazım olan qədər təyyarə istehsal edə bilmir. Mən sizi düz anladımmı?
  • Bəli, yoldaş Stalin.

Stalin iş masasının üstündəki telefonu qaldırıb köməkçisinə tapşırıq verib:

  • Təcili olaraq Şaxurini mənim yanıma çağırın.

Qeyd edək ki, Şaxurin həmin dövrdə SSRİ aviasiya sənayesi komissarı vəzifəsində işləyib.

Çox qısa bir aradan sonra Şaxurin Stalinin kabinetinə gəlib və sorğu-sual bu dəfə komissarla davam edib:

  • Yoldaş Şaxurin, xahiş edirəm, məni hərbi zavodlardakı vəziyyətlə bağlı məlumatlandırasınız. Problemlər varmı?
  • Xeyr, yoldaş Stalin, hələ ki, heç bir problem yoxdur. Xammal vaxtında alınır, işçi qüvvəsi üç növbədə işləyir. Diqqətinizə çatdırım ki, Dövlət Müdafiə Komitəsi və Müdafiə Nazirliyinin bütün sifarişləri vaxtında və artıqlaması ilə icra olunur. Onu da bildirmək istəyirəm ki, sizin imzanızla bizə təqdim olunan planları 100 faiz deyil, 112 faizlə yerinə yetirmişik.
  • Bəs belə olduğu halda hərbi təyyarələr niyə çatışmır?

Bu sual Şaxurini çaşdırmaqla yanaşı, həm də təəccübləndirib:

  • Yoldaş Stalin, bu ola bilməz. Sizə düzgün məlumat verilməyib. Hazırda ehtiyat aerodromlarda 715 ədəd istismara hazır hərbi təyyarə dayanır.

Bu məqamda Jiqaryov söhbətə müdaxilə edib:

  • Həmin təyyarələr istismara yarasızdır.

Jiqaryovun bu ittihamı Şaxurini özündən çıxarıb və o, üzünü Stalinə tutub:

  • Yoldaş Stalin, belə bir vəziyyət olarsa, mən partiya biletimi stolun üstünə qoyub ən ağır cəzaya hazır olaram. Həmin təyyarələrin istismara tam hazır olması haqqında müvafiq komissiyaların rəyi də var və istənilən dəqiqə mütəxəssisləri hərbi aerodroma göndərə bilərsiniz. Bunu zavod direktorları da təsdiqləyə bilər.

Stalin elə həmin anda üç ən böyük hərbi zavodun direktorları ilə telefon əlaqəsi yaradıb. Araşdırmalardan sonra məlum olub ki, təyyarəlrər istismara tam yararlıdır, amma Hərbi Hava Qüvvələri onları döyüş hesabına götürmür.

Bu aydınlaşmadan sonra Stalin Jiqaryovun yarım addımlığında dayanıb və təmkinin saxlaya bilməyib:

  • Sən əclaf və yaramazsan, çıx kabinetdən.

Stalin əlini havaya qaldırıb generalı vurmaq istəyib, amma bu fikrindən daşınıb. Həmin görüşdə iştirak edən aviasiya marşalı Qolovanov sonralar bu hadisə haqqında yazıb:

“Mən Stalini heç vaxt belə vəziyyətdə görməmişdim. O, çox təmkinli bir adam idi. Amma Jiqaryovun ona yalan danışması Stalini özündən çıxarmışdı. Hətta o dərəcədə çıxarmışdı ki, Stalin ona əl qaldırmaq fikrinə düşmüşdü…”

Əslində, generalı yalan danımağa vadar edən tutarlı səbəb olub. Belə ki, Hərbi Hava Qüvvələri həmin təyyarələri döyüş hesabına təyyarəçilərin olmadığna görə götürə bilməyib. Bu problemi isə Jiqaryov Stalinə demək istəməyib.

Jiqaryov Stalinə yalan danışdığına görə onu nə gözlədiyini yaxşı anlayıb. Ən azı sürgünə göndəriləcəyini göz önünə gətirib. Amma heç də onun düşündüyü kimi olmayıb. Bir neçə gündən sonra general Uzaq Şərq Hərbi Dairəsində xidmətə göndərilib. Təbii ki, Stalin bu qərarında Jiqaryovun son dərəcə peşəkarlığını, təcrübəsini, müharibənin ilk  günlərindəki xidmətlərini nəzər alıb.

Kremldəki qələbə ziyafətində isə Ali Baş Komandanla general barışıblar. O, 1949-cu ildə yenidən komandan vəzifəsinə qaytarılıb, aviasiya marşalı rütbəsini daşıyıb.

Sfera.az