“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan 7Times.az verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramil İsrayılov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsində quraşdırılmış istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.İsrayılov çətənə bitkilərini iyul ayının əvvəlində əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.