Ölkə

FAZİL MUSTAFA: Təhlükə inanc adı ilə başqa ölkəyə casusluğunu pərdələyənlərdir”

FAZİL MUSTAFA: “ Təhlükə inanc adı ilə başqa ölkəyə casusluğunu pərdələyənlərdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın güneyində yaşayan, özünü milli fəal hesab edən soydaşlarımıza ürəyim ağrıyır. Onlarda ümid var ki, burada, yəni bizim yaşadığımız Azərbaycanda onların taleyini səadətə qovuşduracaq proqramlı, düzənli çalışmalar, təşkilatlanmalar var”

Bunu 7Times.az“a açıqlamasında deputat Fazil Mustafa bildirib.

Kədərli də olsa onlara deyərdim ki, öz taleyinizi özünüz İran şərtlərinə uyğun müəyyənləşdirməlisiniz. Bu, həm molla rejiminin repressiyalarından qorunmaq, həm də dünyada İranın parçalanma tendensiyasının olmamasını nəzərə almaq üçün vacibdir. İrandakı digər xalqlarla, o cümlədən də fars xalqı ilə birlikdə vəhşi dinçi rejimin dəyişməsi və ölkənin demokratikləşməsi üçün çalışmalara ağırlıq verməlisiniz. Bizdə çox zaman bütöv Azərbaycan mövzusu siyasi savadı yetərli səviyyədə olmayan, tarixə və ədəbiyyata məftunluq duyğusu ilə süni romantizm daşıyıcılarının məşğuliyyət növüdür. Bunların çoxuna Azərbaycanın bütövlüyü üçün çalışan obrazda görünmək ömür boyu siyasi və aşıq məclislərində başda oturmağa yetərli sayılır.  Səmimi olaraq özünü bu ideyaya həsr etmiş insanlar olsa da, bu səmimiyyətləri oradakı insanların taleyi üçün məsuliyyət anlayışı yaratmadığına görə fəaliyyətləri elə də ciddi qəbul olunmur”.

Deputat Monteneqroda Hüquq qurultayında gənc təbrizli xanımla söhbətini xatırladıb: “Türkiyədə universitetdə çalışır, söhbət boyu İranın bölünməzliyinə, demokratiya üçün mübarizəyə vurğu qoyurdu. İranın parçalanmasının əleyhinə mövqe sərgiləyirdi. Uzun illərdir, Türkiyədə cəmiyyətə qaynayıb-qarışmış bu təbrizli xanım əslində çoxluğun İranda onun kimi düşündüyünü vurğulayırdı. Bu səbəbdən də Bakıda oturub ora xəyali köynək toxumağa tələsməyək. Əsas problem qadın haqları və ümumilikdə dinçi diktaturadır və bizim də indiki məqamda İrandakı soydaşlarımıza və digər insanlara bu yöndə dəstək verməmiz məntiqli olmazmı? Əksinə İran hakimiyyətinin işinə yarayır ki, adına milli hərəkat, separatçılıq qoyub İranın bölünməzliyini istəyən, ancaq rejimdən narazı azərbaycanlıları da hələ ciddi təşkilatlanma mərhəlısi keçməmiş milli fəallara qarşı yönəltsin”.

F.Mustafanın sözlərinə görə, bu tarixi dövrdə məcaraçılıq, romantizm çox təhlükəlidir: “Millətimizin övladlarını birbaşa zərbə altına qoymadan, soydaşlarımız da daxil oradakı bütün azadlıqsevər insanlara insan haqları çərçivəsində dəstək verməyi daha ağıllı yol hesab edirəm. Bizim İranda milli azadlıq hərəkatı barədə körüklədiyimiz ritorika real məzmun kəsb etmir. Bir müddət öncə kütləvi reklam kampaniyası keçirilən “Təbrizin sirli nağılları”nın havasına uyub təməlsiz siyasi nağıllar uydurub özümüzü buna inandırmamalıyıq. İranın bu təlatümdən çətinliklə çıxacağı bəlli olsa da, indiki məqamda biz də sərhədimizdən o tərəfdəki davranışlarımızda, çağırışlarımızda diqqətli olmalıyıq. İranın ölkəmizin içindəki şəbəkəsinə qarşı cəmiyyəti səfərbər almamız ən məqbul addım olardı. Çünki buradakılar hər an işarəni ağalarından gözləyirlər. İnanc adı ilə başqa ölkəyə casusluğunu pərdələyənlərdir ölkəmiz üçün ən ciddi təhlükə. Bayden də İranın azadlığından danışıbsa, orada Buşun İraqa bəxş etdiyi “azadlıq” kimi bir şeylər ola bilər. Qaçqın axını, xaos bizim üçün ən arzuolunmaz ssenaridir. Hər şeydən öncə müstəqil Azərbaycan dövlətini təhlükəyə, avantüraya soxmamaq məsuliyyətini daşımalıyıq”.

7Times.az