“Bir neçə həftə ərzində fəlakət baş verə bilər, hakimiyyətin vədlərindən xəbərimiz yoxdur”.
7Times.az xəbər verir ki, bunu oktyabrın 17-də müzakirə zamanı “Alternativ layihələr” qrupunun eksperti, Ermənistan parlamentinin keçmiş deputatı Vahe Ovannisyan deyib.
“Biz Rusiya, İran və Qərb arasında toqquşmaların episentrinə çevrilməyə çox yaxınıq və vaxt sürətlə yaxınlaşır. Təxminən bir neçə həftədir ki, belə vəziyyət yaranıb. Biz vəziyyətdən çıxmağı bacarmalıyıq. Əks halda heç kimə lazım olmaya biləcəyimiz başqa ciddi problemlə üzləşəcəyik və Rusiya, İran, Qərb bizi etibarsız tərəfdaş hesab edəcək.
Bu halda biz Azərbaycan və Türkiyənin qarşısında tək qalacağıq. Mən əmin deyiləm ki, bu məsələlər Ermənistan hakimiyyətinin qapalı ofislərində müzakirə olunur”, – deyə o bildirib.
Ovannisyan deyib ki, Ermənistanda hakimiyyət danışıqlar prosesinin incəliklərini hətta ən yaxın adamları ilə də bölüşməyən bir nəfərə verilib.
“Və bu şəxs üç milyon insanın, eləcə də gələcək nəsillərin taleyini həll edir. Bu bir nəfərin harada və nə vəd etdiyini bilmirik. Gərək təzyiqi artırıb onu deməyə məcbur edək. Bunun üçün dövlət qurumları ilə işləməli olan müxalifət var. Bu çirkin fenomen qırılmalı, bütün incikliklər bir kənara qoyulmalıdır”, – Ovannisyan əlavə edib.
O hesab edir ki, noyabrın 9-dan sonra Qafqazda yeni reallıq formalaşıb və yeni təhlükəsizlik arxitekturasının tikintisinə başlanmalı idi.
“Hamı fasilə verdi və Ermənistandan başqa hər bir ölkə öz məqsədlərini formalaşdırdı. Ona görə də biz bu vəziyyətə düşdük. Məqsədlərimizi formalaşdırsaydıq, o zaman müttəfiqlərimiz bizə kömək edərdilər.
Noyabrın 9-dan sonra Ermənistanda hakimiyyət dəyişikliyi regionda yeni arxitekturanın formalaşması prosesində İrəvanın yeni mövqeyini təmsil etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Biz öz konsepsiyamızı formalaşdırıb, maraqlarımız əsasında tərəfdaşlarla münasibətlərə girməliyik. Amma hakimiyyət heç nə etmir”, – deyə eks-deputat qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda təcili olaraq yeni antiböhran ictimai-siyasi dalğası formalaşdırılmalıdır ki, bu da xalqla dialoqun effektivliyini artıracaq.
“Bir neçə həftə ərzində fəlakət baş verə bilər və bu müddət ərzində tarixi qərar qəbul edilə bilər. Fəlakət ondadır ki, Azərbaycan qoşunları Ermənistan ərazisinə daxil ola bilər və onların harada dayanacağı heç yerdə yazılmayıb.
Belə olan halda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması və silahlı qüvvələri burada olan ölkə ilə etibarsız münasibətlər fonunda necə hərəkət edəcəyik? Məhdudlaşdıran yeganə amillər Rusiya və İrandır. Qərbin hərəkətləri adətən fəlakətdən sonra baş verir, lakin bu, aktiv işgüzar münasibətlərə ehtiyacı inkar etmir”, – deyə Ovannisyan fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
Follow @7timesaz