Fransa və Ukrayna müdafiə nazirlərinin Kiyevdə keçirilən görüşündə potensial birgə istehsal və müdafiə satınalmaları da müzakirə edilib.
“AzPolitika.info” “Yevropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Fransanın müdafiə naziri Sebastyan Lekornu və ukraynalı həmkarı Rustem Umerov Ukrayna müdafiə qüvvələrinin cari ehtiyaclarını, hərbi-texniki əməkdaşlığa dair ikitərəfli layihələri, Ukrayna hərbçilərinin təlimi və NATO standartlarının Ukrayna tərəfindən daha da tətbiqini müzakirə ediblər.
Lekornu Fransanın Ukrayna hərbçilərinin silah-sursat təchizatı və təlimlərində köməklik göstərməyə davam edəcəyini bildirərək, Fransanın sayəsində 7 mindən çox ukraynalı hərbçinin Fransa ərazisində və ya Polşada təlim keçdiyini qeyd edib.
“Üçüncü sual daha stratejidir və Ukraynanın ehtiyacları üçün birgə nəsə istehsal etmək qabiliyyətimizlə bağlıdır. İndi biz iki ölkə arasındakı münasibətlərdə qeyri-adi mərhələyə yaxınlaşırıq, birgə istehsal məsələsinə birlikdə baxırıq”, – deyə Sebastian Lekornu deyib.
“Səfər zamanı “Müdafiə Təchizatları Agentliyi” Dövlət Müəssisəsi (keçmiş “Ukroboronprom”) ilə Silahlanma Baş İdarəsi (DGA) (Fransa) arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb. Sənəd müddətsiz əməkdaşlığı nəzərdə tutur və müqavilələrin bağlanması üçün hüquqi baza yaradır. Bu, həmçinin hərbi-texniki əməkdaşlığın dərinləşməsinə, o cümlədən hər iki ölkənin müdafiəsinin təmin edilməsi maraqlarına uyğun olaraq birgə yüksək texnologiyalı layihələrin hazırlanmasına töhfə verəcək”, – deyə Müdafiə Nazirliyi qeyd edib.
Məlumdur ki, yaxın günlərdə Kiyevdə dünyanın müxtəlif ölkələrindən 160-dan çox müdafiə sənayesi nümayəndəsinin iştirakı ilə Müdafiə Sənayesi Forumu keçiriləcək. Tədbirin dəqiq tarixləri açıqlanmır.
Cümə axşamı o da məlum olub ki, Almaniyanın “Rheinmetall” konserni Almaniya Federal Antiinhisar İdarəsindən Ukraynanın Müdafiə Sənayesi konserni (keçmiş Ukroboronprom) ilə birgə müəssisə yaratmaq üçün icazə alıb.
Follow @7timesaz