Ölkə

“Gecə qəfil yuxudan oyananda gördüm ki, arvadım telefonda kiminləsə yazışır” — Ailə cinayəti

“Gecə qəfil yuxudan oyananda gördüm ki, arvadım telefonda kiminləsə yazışır” — Ailə cinayətibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 1981-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində arvadı Turanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 17-də, gecə saat təxminən 04 radələrində baş verib. Adil yaşadığı evdə gecə saatlarında arvadının mobil telefonla hər hansı şəxslə yazışmasından şübhələnib.

Bu səbəbdən ailə-məişət münasibətləri zəminində həmin mənzilin qonaq otağında Turanənin bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri ilə vurub.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2005-ci il tarixdə Turanə ilə rəsmi nikah qeyd etdirməklə ailə qurub: “Bu nikahdan 3 övladımız var. Əvvəllər də dəfələrlə müxtəlif səbəblərdən aramızda münaqişələr olub. Lakin sonradan barışaraq yenidən birgə yaşamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 17-də, saat təxminən 04 radələrində yaşadıqları evdə yatan zaman qəflətən oyanıb: “Turanənin yatmadığını, telefonla yazışdığını gördüm. Turanənin yanına gedən zaman telefonu kilidə saldı. Turanədən telefonu açmasını istədim, kiminlə yazışdığını soruşdum. Turanə isə heç kimlə yazışmadığını, telefonunu sındırsa da açmayacağını və onun sözünə inanmalı olduğumu deyən zaman aramızda mübahisə yarandı. Turanənin kiminləsə yazışması məni özümdən çıxartdığı üçün əsəbi halda əl-ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurdum. Həmin vaxt səsə evdə olan qaynanam İradə oyandı. Araya girdi, bizi aralamağa başladı. Lakin əsəbi olduğum üçün Turanəni buraxmaq istəmədim”.

Adil deyib ki, qaynanası İradə qaçaraq evdən çıxıb: “Mən isə yenidən əl-ayaq zərbələri ilə Turanənin bədəninin müxtəlif nahiyələrindən vurdum. Bir qədər sonra qaynanam təcili yardım işçiləri və polis əməkdaşları ilə birgə evə daxil oldu. Onlar gələn zaman dava-dalaş başa çatdı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Turanənin sözlərinə görə,  noyabrın 17-də saat təxminən 04 radələrində yaşadığı evdə olan zaman ürəyində ağrılar yarandığı üçün dərman içib: “Bu dərmanın təsirindən yuxum qaçdı. Qonaq otağında divanda “youtube” sosial şəbəkəsinə daxil olaraq videolara baxmağa başladım. Bir qədər sonra Xaqani yerindən qalxaraq gəldi, niyə yatmadığımın səbəbini soruşdu. Mən isə yuxumun olmadığını, Adilin yatmağını bildirdim. Telefonda “youtube” saytında video axtarmaq üçün yazı yazmağa başladım. İki dəqiqə sonra Adil yenidən durdu, yanma gələrək kiminlə yazışdığımı soruşdu. Heç kimlə yazışmadığımı bildirdim. Adil telefona baxdı. Lakin heç nə görmədi”.

Zərərçəkmişin sözlərinə görə, buna baxmayaraq təkidlə ondan kiminlə yazışdığını soruşub: “Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Adil əvvəlcə yumruq zərbəsi ilə üz nahiyəmdən vurdu. Əlim ilə üzümü tutan zaman Adil yumruq zərbələri ilə çiyin və kürək nahiyələrimdən vurdu. Bu zaman səsə evdə olan, bizimlə birgə yaşayan anam oyandı. Anam bizi aralamağa çalışsa da, bacarmadı. Kömək çağırmaq üçün evdən küçəyə qaçdı. Adil isə əl-ayaq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vurmağa davam etdi. Zərbələrin təsirindən yerə yıxıldım. Bu vaxt Adil məndən aralandı. Bir qədər sonra anam təcili yardım işçiləri və polis əməkdaşları ilə birgə evə daxil oldu”.

Turanə deyib ki, təqsirləndirilən şəxslə barışıb, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilib. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Gəncənin Kəpəz rayon Məhkəməsində baxılıb.

Adilin barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq olunub.

Onun barəsində olan cinayət təqibinə xitam verilib.