Ölkə

“Gəlinə dedim ki, sən sakit dur, bu bizi biabır edəcək”

“Gəlinə dedim ki, sən sakit dur, bu bizi biabır edəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Zabrat qəsəbəsində narkotik aludəçisi olan, tüfeyli həyat tərzi keçirən ər dayəliklə özünü və ailəni dolandıran arvadını baltalayıb, amma qoca atası qonşuları köməyə çağırıb və təsadüfdən qadın sağ qalıb.
İndi həmin amansız qətl törətmək cəhdinə görə  48 yaşlı Şükür Mirzəyev müttəhimlər kürsüsündədir, onun barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.
virtualaz.org-un xəbərinə görə, bu cinayət hadisəsi 2021-ci il sentyabrın 3-də baş verib. Narkotik istifadəçisi Şükür Mirzəyev ailədə mütəmadi olaraq münaqişə yaratdığından  həyat yoldaşı Kəmalə Mirzəyeva onunla küsülü olub. Arvadı ilə barışmaq istəyən Ş.Mirzəyev ona bu haqda söhbət etməyi təklif edib. Qadın isə nə barışmaq, nə də söhbət etmək istəyib. Bundan qəzəblənən Ş.Mirzəyev Kəmaləni öldürmək məqsədilə onun yatdığı otağa girərək baltayla zərbələr endirib.
Ş.Mirzəyevin 83 yaşlı atası Mirzə Mirzəyev səs-küy salaraq qonşuları köməyə çağırıb. Hadisə yerinə gələn qonşuların köməkliyi ilə Kəmalə Mirzəyeva Sabunçu xəstəxanasına  çatdırılıb.
Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
“Söhbət etmək üçün yanına getdim, qapı bağlı idi…”
Təqsirləndirilən Şükür Mirzəyev Kəmalə ilə 20 ildir ailəli olduğunu deyib: “İki övladımız var. Kəmalə ötən ilin mayından dayə işləməyə başladı. Bəzən gecələr evə gəlmir, bəzən deyirdi ki, işlədiyi ailə ilə birgə restorana gedib. Onun bu hərəkətlərinə görə aramızda tez-tez münaqişə yaranırdı”.
Narkotik aludəçisi Ş.Mirzəyev ötən il avqustda Narkoloji Mərkəzə müalicəyə gedib. Sentyabrın 2-də Narkoloji Mərkəzdən evə dönən Ş.Mirzəyev Kəmalənin işdə olduğunu öyrənib və zəng vurub onu evə çağırıb: “Sonra yuxuya getdim. Gecə saat 02 radələrində oyandım. Kəmalənin o biri otaqda yatdığını bilib söhbət etmək üçün yanına getdim. Lakin qapının bağlı olduğunu gördüm. Qapını açmasını xahiş etdim, söhbət etmək üçün gəldiyimi dedim. Kəmalə danışacaq heç bir şey olmadığını, artıq bezdiyini söylədi”.
“Əvvəl heroin, son iki-üç ildir “patı” istifadə edirdi…”
 Arvadının dediklərindən qəzəblənən Ş.Mirzəyev yataq otağının qapısını sındırıb. Qadın qorxudan qaçıb qayınatasının yatdığı otağa sığınıb və qapını arxadan kilidləyib. Bir qədər sonra atasının ayaqyoluna getdiyini görən Şükür dərhal otağa keçərək Kəmaləyə baltayla zərbələr endirib.
Zərərçəkmiş Kəmalə Mirzəyeva ifadəsində deyib ki, ailə həyatı qurduqdan sonra Şükürün narkotik vasitələrdən istifadə etdiyini bilib: “Heç yerdə işləmirdi. Əvvəllər heroin, iki- üç il olardı ki, “patı”qəbul edirdi. Bizə qarşı aqressiv idi, atası ilə də, mənimlə də kobud davranırdı. Məni söyür, döyürdü. Artıq onun hərəkətlərindən bezmişdim, bir evdə qalsaq da küsülü idim. Dayə işləyirdim, qayınatam pensiya alırdı, birtəhər dolanırdıq. Saat 9-da gedib, axşam saat 6-da evə qayıdırdım. Şükürün nə etdiyi məni maraqlandırmırdı. Çünki, dəfələrlə bağışlamışdım, şans vermişdim”.
“Baltayla başımdan vuranda ayıldım…”
Zərərçəkmiş deyir ki, hadisə baş verən gün əri barışmaq istəyib, otağın qapısını açmağı tələb edib, şüşələri sındırıb: “Qayınatamın otağına gedib orada yatdım. Şükürün səsi gəldiyini eşitdim, nə baş verdiyini başa düşmədim. Baltayla başımdan vuranda ayıldım. Zərbələrin təsirindən huşumu itirdim”.
Şahid qismində dindirilən Mirzə Mirzəyev oğlu Şükürün həm onunla, həm də gəlini ilə pis davrandığını deyib: “Gəlini söyüb təhqir edirdi. Avqustun 28-də narkomaniyadan müalicəyə getmişdi. Hadisə baş verən gün – sentyabrın 2-də gəldi. Məndən telefonumu istədi, verdim. Telefonu verdim, kiməsə zəng vurub danışdı, sonra yatdı”.
Yaşlı atanın danışdıqları
Ağsaqqalın ifadəsinə görə, axşam gəlini işdən qayıtdıqdan sonra Şükürlə aralarında dava düşüb. Şükür arvadına deyib ki, aç qapını, sağalmışam, qanım təmizdir. Qadın isə onu otağa buraxmayıb: “Hər yeri vurub dağıtdı. Dedim, niyə dağıdırsan, niyə sındırırsan? Mən axı ala bilmirəm. Dedi ki, sən də öl, otur yerində. Ölümü, dirimi söydü. Gəlinə dedim ki, sən sakit dur, bu bizi biabır edəcək. Gecəyarı ayaqyoluna getmişdim. Səs-küy eşitdim. Otağa girəndə gördüm ki, televizor düşüb yerə, hər yan qan içərisindədir. Əlində balta Kəmaləyə öldürəcəyini deyirdi. Deyirdi ki, səni öldürəcəyəm, kəlimeyi-şəhadətini de. Qışqıra-qışqıra həyətə düşdüm, məni itələdi. Tez qonşuları köməyə çağırıb Şükürün Kəmaləni öldürdüyünü dedim. Təcili yardım və polis maşını gəldi. Şükürü polisə, gəlini xəstəxanaya apardılar”.
Ş.Mirzəyev məhkəmədə arvadı ilə atasının onu məhv etmək niyyətində olduqlarını deyib: “Bunlar bir-birlərini öyrədiblər, burada belə danışırlar. Kəmaləni vuranda oyaq idi, yatmamışdı. İki dəfə baltayla vurmuşam. Danışdırdım, söhbət etdim, sonra vurdum. Bunlar məni yox etmək, evimi satmaq istəyirdilər. Hamıya məni pisləyir, tutdurmaq istəyirdilər. Kəmalə dirənirdi ki, vur məni. Əgər həmin vaxt istəsəydim Kəmaləni öldürərdim, amma öldürməmişəm. Atam qoca kişi idi, mənə necə mane ola bilərdi?“
Bu ifadələri dinlədikdən sonra hakim məhkəmə iclasını yekunlaşdırıb.  Məhkəmə prosesi fevralın 16-da davam edəcək.