Ölkə

Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır…”

Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin yaddaşını itirməsi, hərəkətlərinə nəzarət edə bilməməsi barədə yayılan söz-söhbətlər təsdiqini tapıb.

Onun nümayəndəsi məhkəmədə təsdiqləyib ki, Elmar Vəliyev başına gələnləri xatırlamır.

7times.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Keçmiş icra başçısı bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Yunis Səfərov və digər təqsirləndirilən şəxslər, onların vəkilləri tələb edib ki, Elmar Vəliyev də daxil olmaqla, bütün zərərçəkmişlər məhkəməyə gəlsin, dindirilsin.

Məhkəmədə Elmar Vəliyevin nümayəndəsi kimi iştirak edən vəkil Fəxrəddin Səfərov bildirib ki, onun durumu dindirməyə imkan vermir: “O, heç nə bilmir. Heç özünü tanımır. Həm də ölkədə yoxdur. Bu gün səhər yenidən Türkiyəyə müalicəyə aparılıb, orada xəstəxanadadır”.

Elmar Vəliyev istintaq zamanı da dindirilməyib. Prokurorluğa onun səhhətində problemlər olması barədə arayış təqdim olunub.

Məhkəmədə Yunis Səfərov hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, həbs olunandan indiyədək ailə üzvləri ilə telefon danışığına və görüşməsinə imkan verilmir. Bu barədə müxtəlif dövlət orqanlarına şikayətlər göndərsə də, nəticəsi yoxdur.

“Hər yerə müraciət etmişəm, baxmırlar. Sizə çatdırmaq istəyirəm ki, buna görə mən yeni cinayət törətmək ərəfəsindəyəm. Ailəmlə əlaqə saxlamağa iki ildən çoxdur imkan vermirlər, bu hüququmu pozurlar. Mən də ailəmlə əlaqə saxlamaq üçün qeyri-qanuni yollar axtarıram. Amma bunu eləmək, yeni cinayət törətmək istəmirəm. Buna məni vadar edirsiz…”, – Yunis Səfərov onun işinə baxan hakimlərə üz tutaraq deyib.

2018-ci il iyulun 3-də Gəncədə Elmar Vəliyev və onu mühafizə edən polis serjantı güllələnib. Hadisəni törətməkdə ittiham olunan Yunis Səfərov dərhal həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror kimi qiymətləndirib, Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Yunis Səfərov isə bunu təkzib edir. O bildirir ki, icra başçısını Gəncə əhalisinə qarşı elədiklərinə görə cəzalandırmaq məqsədilə güllələyib.