Ölkə

Göyərçinin ölmədiyini deyən QHT rəhbəri kino da çəkirmiş

Göyərçinin ölmədiyini deyən QHT rəhbəri kino da çəkirmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünlərdə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəallar arasında bir qadın əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm oldu. Qadının kürkü aksiyanın ekoloji tələblərlə keçirilməsi fonunda müzakirə yaratmışdı.

Ekoaktivistlər olduqlarını deyən etirazçılar Qarabağda faydalı qazıntıların qanunsuz istismar olunduğunu deyir, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər. Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova sonradan mediaya bildirdi ki, kürkü sünidir, 15 il qabaq alıb, yerə düşən göyərçin də ölməyib, qanadı qırılıbmış.

“Şuşa şəhidinə film çəkdim”

Məmmədova deyir, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı (QHT) 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb. Qarabağ münaqişəsi haqda məlumatlandırma da onların fəaliyyətinə daxil olub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra bu münaqişənin artıq tarixdə qaldığını bildirir.

Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyəti bugünə kimi ekologiya ilə bağlı hər hansı layihə irəli sürməyib. Amma Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən dörd dəfə maliyyə yardımı alıb: “Bu il “Yalnız irəli – 3″ adlanan layihəyə 7 min manat ayırdılar və Şuşa şəhidinə film çəkdim. Ötən il də iki şəhidin həyatından bəhs edən film ərsəyə gətirdik. Vəsait birtəhər çatır, builki filmin çəkilişi zamanı öz cibimdən pul qoydum. Yaxşı filmlər idi, amma daha yaxşı olması üçün büdcə də artmalıdır. Üç-dörd il əvvəl Qarabağ barədə kitab layihəmiz var idi, səhv etmirəmsə, onda da 7 min manat vermişdilər. 10 min manatdan çox pul almamışam indiyə kimi”.

Məmmədova qarşıdakı altı ildə də dövlətdən yardım istəyəcəyini, iki il öncə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda həlak olan daha altı hərbçi ilə bağlı film çəkmək istədiyini söyləyir.

azadlıq radiosu