Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib.
APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə özünün Facebook hesabında paylaşım edib.
Hacı Yasin Əliyev istefasını səhhətində yaranmış problemlərlə əlaqələndirib: “Son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarət altında intensiv müalicə alıram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam”.
Hacı Yasin Əliyev qeyd edib ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftini seçki yolu ilə müəyyənləşdirəcək.
Buna qədər onun vəzifəsini müşaviri hacı Eyvaz Mərdanov icra edəcək.
Follow @7timesaz