Bu gün Türkiyə Avtomobil Sənətkarları Palatasının təşkil etdiyi tədbirdə çıxış edən milli müdafiə naziri Hulusi Akar bəzi partiyaların terrorçulara “muxtariyyət” vəd etdiyini deyib.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, tədbirdə böyük maraqla qarşılanan nazir qüdrətli Türkiyə üçün aparılan işlərdə mühüm nəticələrin, böyük irəliləyişin əldə edildiyini bildirib.
Türkiyənin gəlib çatdığı nöqtəyə və həll olunan problemlərə diqqət çəkən hakim Ədalət və İnkişaf Partiyasının Kayseri millət vəkili namizədi Akar: “İndiyə qədər problemləri həll edə-edə gəlmişik, inşallah, qaldığımız yerdən problemləri həll etməyə davam edəcəyik”, – deyib.
O, hər kəsin əmin-amanlıq və rifah içində yaşaması üçün çalışdıqlarını qeyd edib: “Türkiyə bir, ölkəmiz bir, millətimiz bir, 85 milyon birdir. Ölkəmizin böyüməsi və güclənməsi üçün bir ürəklə, bir yumruqtək, ayrılıq olmadan səy göstəririk. İnşallah buna nail olacağıq”.
Terror liderlərinin 14 may seçkilərindən “ümidli olduqlarını” deyən Akar Türkiyə xalqının buna icazə verməyəcəyindən əmin olduğunu vurğulayıb. “Millətin uzaqgörənliyi buna imkan verməyəcək. Bu, böyüyən və güclü Türkiyənin təhlükəsizlik məsələsidir. Bəzi partiyalar terrorçulara nə deyir? Muxtariyyət deyirlər. Muxtariyyət bölünmək deməkdir. Bu onların hiylələridir. Onlara söz veriblər. Millətimizin uzaqgörənliyi buna imkan verməyəcək. 14 mayda hamı vətəninə, millətinə, bayrağına və cumhuriyyətinə sahib çıxacaq”, – nazir qeyd edib.
Follow @7timesaz