Ölkə

İcra başçısının məhkəməsində ŞOK ETİRAF: “Hər ay 140 nəfərin maaşı ona çatırdı”

İcra başçısının məhkəməsində ŞOK ETİRAF: “Hər ay 140 nəfərin maaşı ona çatırdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7Times.az  APA-ya istinadən xəbər verir ki, bu gün hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda İmişli rayonunda 3 məktəb binasının tikintisini həyata keçirən “Kristal-2” MMC-nin direktoru Elimad İsmayılov ifadə verib.

Şahid deyib ki, onun şirkətinə həvalə olunmuş hər bir işə görə ayrılmış vəsaitin müəyyən faizi İcra Hakimiyyətinə çatıb: “2012-ci ildə rayon kəndlərinin birində məktəb tikintisi aparırdıq.

Həmin vaxt Vilyam Hacıyev icra başçısı təyin olundu. Üstündən bir qədər keçəndən sonra İcra Hakimiyyətindən ismarıc gəldi ki, işləri dayandır. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada burdan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi verdim”.

Şahid əlavə edib ki, Vilyam Hacıyevlə yaxşı münasibəti olduğu üçün sonradan rayonda beşmərtəbəli bina tikintisi işini də onun şirkəti aparıb: “Vilyam Hacıyev bir dəfə məndən xahiş etdi ki, Hacıbabalı kəndində məktəb tikintisi yarımçıq qalıb onu bitir, sonra əvəzləşərik. Mən işə qoşulanda ayrılmış vəsaitdən cəmi 440 min manat qalmışdı. Cibimdən də pul qoyub işi bitirdim. Bundan sonra beşmərtəbəli yaşayış binasını tikdik. İcradan dedilər ki, bu iş üçün ayrılan vəsaitdən 2 milyon 400 min manat pul xərclənməlidir. Buna görə də domafon qoymurduq, materialları aşağı qiymətə alırdıq”.

Vəkilin “Gördüyünüz işlərin sonu olmadığını bildinizmi?” sualına şahid “Dərk edirdim ki, bu, qanunsuzdur”, – deyə cavab verib.

Daha sonra şahid qismində İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov dindirilib. Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb: “Həmin pulları banklardan mənim tanışlarım çıxarırdı. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb”.

İfadəyə münasibət bildirən Vilyam Hacıyev şahidi yalan danışmaqda ittiham edərək ondan nəyə görə şikayət etmədiyini soruşub.

İH başçısının müavini Vilyam Hacıyevin sualına “Sizdən kimə şikayət etmək olardı ki..?” deyə cavab verib.

Prosesdə ifadə verən şahid Həsən Hüseynov isə təsərrüfat işi görmək üçün icarəyə götürdüyü 4 hektar torpağa görə memarlıq şöbəsinin əməkdaşına 150-200 manat pul verdiyini deyib.

Vilyam Hacıyev isə ifadəyə belə cavab verib: “150-200 manat heç rüsum pulu deyil, o pula 4 hektar torpaq icarəyə vermək olar? Səni aldadıdıblar…” deyə cavab verib.

Proses aprelin 15-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.