Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət edilən dünya liderləri avtomobil və helikopterlərdən istifadə edə bilməyəcək. Bundan başqa, onlar kommersiya reysləri ilə ölkəyə gəlməli olacaqlar.
“Politico”nun məlumatına görə, qaydalar tədbirdə boş yerin olmaması, eləcə də ziyarətçilərin çoxluğu ilə bağlıdır.
Nümayəndə heyətlərinin tərkibində də məhdudiyyətlər var. Dəfn mərasimində yalnız dünya liderləri və onların həyat yoldaşları iştirak edə biləcəklər. Onlar mərkəzləşdirilmiş şəkildə avtobusla çatdırılacaqlar.
Anım mərasimindən sonra onlar Lankaster-Hausda başsağlığı kitabına qeydlər qoya biləcəklər. Onlar daha sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmək üçün Dins-Yarda gedəcəklər.
Eyni zamanda, dəfn mərasimindən bir gün əvvəl III Karl Bukingem sarayında bütün xarici liderlər üçün ziyafət təşkil edəcək.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 19-da Britaniya vaxtı ilə saat 11:00-da keçiriləcək.
Follow @7timesaz