Maqazin

“İki dəfə “Eşkıya Dünyaya Hükümdar Olmaz”dan təklif aldım” – “Kurtlar Vadisi”nin əfsanəsi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“İki dəfə “Eşkıya Dünyaya Hükümdar Olmaz”dan təklif aldım” –  “Kurtlar Vadisi”nin əfsanəsi ilə EKSKLÜZİV MÜSAHİBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7times.az saytının “Ulduzlar Arenası” rubrikasının növbəti qonağı  “Kurtlar Vadisi Pusu” serialının əfsanəvi “Cevat Akarsu” obrazını canlandıran Türkiyəli məşhur aktyor Şekip Taşpınar oldu.

Hər kəs sizi “Kurtlar Vadisi Pusu” serialında canlandırdığınız əfsanəvi “Cevat Akarsu” obrazı ilə tanıdı. Belə bir uğuru gözləyirdiniz?

“Cevat Akarsu” obrazının seviləməsinin sirri  “Kurtlar Vadisi Pusu” ilə bağlıdır. Çünki çox uğurlu və reytinqli bir iş olduğu üçün seriala daxil olan  yaxşı obraz uğurlu olur. Təbii ki, “Cevat Akarsu” da çox sevildi, uğurlu oldu və məni bu rolla hər kəs tanıdı. Amma “Kurtlar Vadisi Pusu”dan əvvəl də çəkildiyim “Cafe Casablanca”, “Beyaz Gelincik” kimi çox sayda seriallar da var.

“Kurtlar Vadisi Pusu” sizi necə kəşf etdi?

Vallah  “Kurtlar Vadisi”nin məni necə kəşf etdiyini deyə bilmərəm. Lakin çox yaxşı bir komandaları olduğuna görə məni tapa bildilər. “Kurtlar Vadisi” komandası məni Adana şəhərində tapanda, mən həmin vaxtlar Adana Dövlət Teatrında çalışırdım. Biz obraz üçün anlaşdıq və seriala daxil oldum.

“Kurtlar Vadisi” həyatınızda nələri dəyişdirdi?

Təbii ki, bir aktyor üçün Dövlət Teatrlarında o qədər tamaşalarda çıxış etdikdən sonra, sadəcə bir serialla bu qədər çox tanınmaq əslində pisdir. Amma “Kurtlar Vadisi” daha çox tanınmağıma kömək etdi. “Həyatımda əsas bunu dəyişdirdi” deyə bilərəm.

Sizcə nə üçün “Cevat Akarsu”dan sonra canlandırıdığınız obrazlar onun qədər məşhurlaşmadı?

Əslində  “Cevat Akarsu” obrazından sonra da yaxşı oynamağa davam etdim. Təbii ki, “Kurtlar Vadisi Pusu”nun büdcəsinin və reytinqinin 20-25 faizi digər seriallarda olmadığı üçün oynadığım obrazlar həmin səviyyələrdə tanınmadı. Amma son oynadığım  “Arıza” serialı ilə də yaxşı reytinqlər aldığımı düşünürəm.

Çox sayda tamaşalarda yer almısınız, hətta bir çoxuna şəxsən rejissorluq etmisiniz. Sizin üçün teatrın serialdan əsas fərqi nədir?

Teatr ər meydanıdır. Seriallarda oynamaq üçün çox da yaxşı aktyor olmağa ehtiyyac yoxdur. Amma teatrda oynamaq üçün çox yaxşı aktyor olmaq məcburiyyətindəsiniz. Dediyim kimi, teatr ər meydanıdır, orda oynamaq hər adamın işi deyil.

Çox məşhur simalarla eyni layihələrdə yer almısınız. Çalışıdığınız ən yaxşı aktyor və aktrisalar kimlərdir?

Ahu Türkpençe ilə “Tek Başımıza” adlı bir serialda rol almışdıq. Onunla hər cəhətdən tam anlaşırdıq. Bundan başqa “Arıza” serialının kollektivi ilə çox yaxşı anlaşırdıq. Onlarla çox əyləndiyimiz, zövq aldığımız işlər etdik. İndi nümunə kimi onları deyə bilərəm.

Yenicə ekranların reytinq rekordlarını alt-üst edən “Arka Sokaklar” serialına daxil oldunuz. Biraz yeni obrazınızdan bəhs edə bilərsiniz?

“Arka Sokaklar” serialına qonaq aktyor kimi daxil olmuşam.  Yəni çox uzun bölümlər çəkiləcəyim, uzun müddət davam edəcəyim bir rol deyil. “Medar” adlı qəribə bir obrazdır. Biraz dindar bir adamdır. Lakin dini bir terrorçu qruplaşmaya bağlı, terror həyata keçirən adamdır.

Karyeranıza baxdığımız zaman “Kurtlar Vadisi Pusu”, “Behzat Ç.”, “Karadayı”, “Arıza”, “Arka Sokaklar” kimi çox yüksək reytinqli seriallarda rol aldığınızı görürük. Sizcə bu uğuru teatra, yoxsa “Cevat Akarsu”ya borclusunuz?

Məncə bunun cavabını rejissorlar versə daha yaxşı olar. Mənim cavab verməyim doğru olmaz. Amma belə deyə bilərəm ki, pis aktyor deyiləm. Mən yaxşı aktyoram və yaxşı aktyorluğu bacaran insana da daim seriallarda da, filmlərdə də yer var.

Sizi gələcəkdə film və ya serial rejissoru kimi görə bilərik?

Xeyr, serial və film rejissorluğu mənim sahəm deyil. Bəli, mən aktyor olaraq kameranı tanıya bilərəm, amma rejissor kimi kamera ilə işləyə bilmərəm. Rejissorlara haqsızlıq etmək istəmirəm. Ona görə də mən oynamağı seçirəm.

Hər il adınız “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı ilə yazılsa da, sizi orada görə bilmədik. Bəlkə də, izləyicilər “Kurtlar Vadisi Pusu”dan sonra sizi ən çox bu seriala yaraşdırdı. Heç belə bir təklif almısınız?

Nəticədə bir-birinə yaxın və bənzər işlər olduğu üçün izləyicilər də sağolsun, məni orada görmək istəyirlər. Bəli, “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından səhv xatırlamıramsa iki dəfə təklif gəlmişdi, amma mən qəbul etməmişdim. Çünki həmin vaxtlar çox məşğul idim, Dövlət Teatrında çalışdığım vaxtlar olduğuna görə qəbul edə bilməmişdim.

Elmir Kərimli