İyul ayında Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyata düşdü.
Bu axına məşhurlar da qoşuldu. Onlar arasında Xalq artisti Aygün Kazımova, Əməkdar artist Mehriban Xanlarova, “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov, Xalq artisti Faiq Ağayev, rejissor Kənan M.M, aparıcı Hacı Nuran, müğənni Xəyyam Nisanov, idmançı Kamil Zeynallı kimi şəxslər var idi.
Bir neçə gündür ki, sosial şəbəkələrdə hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlar paylaşılır. Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayaraq çağırışın təlim məqsədiylə olduğunu bəyan edib. Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Yenisabah.az-a danışan idmançı Kamil Zeynallı təlimə çağırılmadığını, lazım olarsa təlimlərə qatılacağını qeyd edib:
“Yox, mənə heç bir zəng gəlməyib. O təlimlərə silah tutma qabiliyyəti bir az zəif olan adamları çağırırlar. Mən iki gündən bir onsuz da atıcılıq təlimindəyəm, silah atıram. Sosial şəbəkə hesabımda da tez-tez bu haqda paylaşımlar edib, insanları maarifləndirirəm. Amma mənə çağırış gəlməyib, gəlsə də getmək mənim birinci növbəli borcumdur. Mən səfərbərlik üçün Qəbələdə qeydiyyatdan keçdim, çünki üç ay idi Qəbələdə qalırdım, oranın komissarlığından qeydiyyatdan keçdim. İstəyən oraya zəng edib maraqlana da bilər. Şükür Allaha, mənim atıcılıq, silahla davranış qabiliyyətim yüksək səviyyədədir. Ora təlimə çağırırlar ki, silahı yadırğayanlar, silahdan anlayışı olmayanlar silahı tutanda yadırğamasınlar”.
Follow @7timesaz