Ölkə

“İmam Mehdi dedi ki, arvadın şeytandır, ondan ayrıl…” – Zərərçəkmiş

“İmam Mehdi dedi ki, arvadın şeytandır, ondan ayrıl…” – Zərərçəkmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü 12-ci “İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Bakupost.az xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxışzadə ittiham olunan Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib.

Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib.
Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: “İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun “şeytan” olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözü ilə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəlsə də, sonradan bəzi səbəblərdən boşandıq”.
Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə “İmam Mehdi”yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.
Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.
Keçmiş həyat yoldaşı məhkəmədən aylıq 500 manat məbləğində aliment kəsilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib.
Mehman Baxşızadə məhkəmədə tikinti şirkətlərindən birində aylıq 300 manata usta işlədiyini deyərək, başqa uşaqlarına da baxmasını nəzərə almağı xahiş edib. Qərara əsasən, onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyulub.
Xatırladaq ki, 2 milyon 500 min manat pulu dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.