Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub.
Bu barədə noyabrın 7-də İranın İnformasiya və Kəşfiyyat Nazirliyi məlumat yayıb və Azərbaycanı oktyabrın 26-da Şiraz şəhərin məscidində azı 13 nəfərin həlak olduğu terror aktını təşkil etməkdə ittiham edib.
“Hazırda 26 nəfər həbs olunub, onların hamısı qeyri-İran vətəndaşıdır. Hücumun əsas koordinatoru Azərbaycan Respublikası vətəndaşı olub. Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır”, – deyə məlumatda bildirilir.
“Ölkə daxilində əməliyyatların idarə edilməsində və əlaqələndirilməsində əsas koordinator Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan İmam Xomeyni hava limanına gələn Azərbaycan Respublikasının vətəndaşı olub.
Bu şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici orqana çatması barədə məlumat verib. O, Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və Tehranda olduğunu bəyan edib.
Məsciddə insanlara atəş açan terrorçunun “Əbu Aişə” ləqəbli Tacikistan vətəndaşı olduğu bildirilir”, – məlumatda deyilir.
Beləliklə, Tehran ilk dəfə Bakını İran ərazisində terror aktı təşkil etməkdə ittiham edib. Bu iddialar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycanda terror aktları hazırlayan iranyönlü silahlı qrupları həbs etməsindən bir neçə gün sonraya təsadüf edib.
Rəsmi Bakı Tehranın son ittihamına hələ ki, cavab verməyib.
(Turan)
Follow @7timesaz