İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib.
Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Onlar edamın icrasını tələb etdikləri halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıb.
Səfirliyə hücum edən şəxs hadisədən sonra saxlanılıb. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.
Follow @7timesaz