İranın Azərbaycandakı agenturası bir müddətdir öz səssizliyini qoruyur. Hər vəchlə molla rejiminin təlimatlarını yerinə yetirən bu şəxslərin səsi çıxmır. Agenturanın intellektual rəy liderləri bir yana, heç qaragüruh kimi tanınanlar da ortalıqda görünmür.
Diqqət çəkən əsas məqam isə SEPAH-ın Azərbaycana qarşı özündə təhdid və provokasiya elementlərini əks etdirən növbəti videoçarxı yayması, lakin Tehrandan bu istiqamətdə agenturanın üzvlərinə təlimat gəlməməsidir.
Kölgədə gizlənənlər
Geridə qoyduğumuz 2022-ci ilin ən yaddaqalan hadisələrindən biri də İran xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan kompleks əməliyyat-istintaq tədbirləri oldu.
Bu istiqamətdə aparılan işlər nəticəsində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktları ilə onlarla şəxs ələ keçirilərək həbs edildi.
Rəsmi Bakının apardığı əməliyyatlar İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vurdu. Lakin bu o demək deyil ki, agentura büsbütün çökdürülüb, kökü kəsilib. Hazırda ölkədə İran agenturasına xidmət edən, molla rejiminin tapşırıqlarını dinləyən kifayət qədər şəxs var.
Rəsmi Tehran Bakıya təzyiq imkanlarından tamamilə məhrum olmamaq üçün İran agenturasının intellektual kəsimini, habelə onlara bağlı qaragüruha bir müddət gizlənmək təlimatı verib. Başqa cür desək, “kölgədə gizlən” siyasəti elan edilib.
Bu yolla rəsmi Bakının diqqətinin yayınması, proseslər sakitləşənədək yenidən təşkilatlanmaq, güc toplamaq hədəflənir.
Bakı nələr etməlidir?
İran agenturası ölkədə tamamilə çökdürülüb, məhv edilməsə də, 30 il ərzində heç olmadığı qədər zəifləyib. Rəsmi Bakı uzun illərdir anonsu verilən və 2022-ci ildə başlanan İran agenturasının çökdürülməsi əməliyyatlarına bu il də davam etməlidir:
Birincisi, 2022-ci ildə olduğu kimi, DTX əməliyyat-istintaq tədbirləri həyata keçirməli, agentura ilə yaxından-uzaqdan əlaqəsi olan şəxslər aşkar edilməlidir. Hazırda gizlənən və proseslərin sakitləşməsini gözləyən onlarla belə şəxs var. Bu şəxslərin yenidən güclənib İrandan dəstək almadan aşkar edilməsi şərtdir.
İkincisi, İrana bağlı olan və molla rejimindən maliyyə alan media resurslarının fəaliyyəti dayandırılmalıdır.
Üçüncüsü, təhsil, mədəniyyət, siyasət, hətta ordu daxilindəki (varsa) İran agenturasına bağlı qüvvələr aşkarlanıb zərərsizləşdirilməlidir.
Nəticə etibarilə 2023-cü il İran agenturasının tamamilə məhv edilməsi üçün ən uyğun zamandır. Çünki İranda etiraz aksiyaları hələ də davam edir və rəsmi Tehranın başı daxili məsələlərə qarışıb. Mövcud problemlər aradan qalxanadək Tehran öz agenturasına “dur!” əmri verib. Rəsmi Bakı bundan ən yaxşı şəkildə istifadə etməli və agenturaya yekun, sarsıdıcı zərbəni endirməlidir.
Turan Rzayev
7Times.az
Follow @7timesaz