Dünya

İranın terror üzü – Bu səfirliklər də hücuma məruz qalıb 

İranın terror üzü – Bu səfirliklər də hücuma məruz qalıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi nəinki ölkəmizdə, hətta xaricdə də böyük səs-küyə səbəb olub. Dünyanın aparıcı ölkələri terror hücumunu pisləyərək, Tehranı diplomatik nümayəndəlikləri, konsulluq obyektlərini, onların personalını qorumağa və Vyana konvensiyalarına tam riayət etməyə çağırıb.

İran tərəfi hadisənin guya şəxsi zəmində baş verdiyini bildirərək, dünyanı xain hücumun terror olmadığına inandırmağa çalışır. Lakin tarixə nəzər saldıqda görərik ki, bundan öncə də İranda diplomatik nümayəndəliklərə bənzər hücumlar olub.

7Times.az İranda hücuma məruz qalan səfirliklərlə bağlı məlumatları təqdim edir:

İranda ilk olaraq Rusiyanın diplomatik korpusuna hücum edilib. Belə ki, 1829-cu il fevralın 11-də çar Rusiyasının paytaxtdakı səfirliyinə hücum olub. Hadisə nəticəsində səfir Aleksandr Qriboyedov olmaqla səfirliyinin 37 əməkdaşı öldürülüb. Bundan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib.

Ötən əsrdə növbəti hücum qardaş Türkiyənin səfirliyinə olub. Məlumata görə, 1981-ci ildə bir qrup erməni terrorçusu və İran vətəndaşı Tehrandakı Türkiyə səfirliyinə hücum edib. Səfirlikdə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülüb.

Qeyd edək ki, bu, Türkiyəyə qarşı ilk terror deyildi. Daha sonra – 28 aprel 1984-cü ildə yenidən Türkiyə səfirliyinə xain hücum təşkil olunub. Bu zaman Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı, iş adamı İşık Yöndər dünyasını dəyişib. Terror aktının ASALA tərəfindən həyata keçirildiyi deyilirdi.

İrandakı səfirliklərə hücum Amerikadan da yan keçməyib.

1979-cu ildə yüzlərlə radikal düşüncəli tələbə ABŞ-ın Tehrandakı səfirliyinə soxulub. Səfirliyin 52 əməkdaşı girov götürülüb. Basqınçılar girovları 444 gün saxlayaraq ABŞ-dan tələb ediblər ki, İslam inqilabından sonra ölkədən qaçmış İran şahını onlara təhvil versin. Girovlar 1981-ci il yanvarın 20-də azad edilib. Bu hadisə dünya miqyasında rezonans doğurub.

Növbəti hücum Böyük Britaniya səfirliyinə olub.

2011-ci il noyabrın sonunda Tehranda yerləşən Britaniya səfirliyi tələbələr tərəfindən hücuma məruz qalıb. Hücum edənlər Britaniya bayrağını və Kraliça II Elizabetin portretini yandırıblar. Hücum zamanı Britaniya səfirliyin 6 əməkdaşı girov götürülüb.

Bu hadisədən sonra Britaniya səfirini geri çağırıb. Məlum səbəbdən Tehran və London arasında diplomatik münasibətlər pozulub.

Dörd il sonra Misir səfirliyi də hücuma məruz qalıb.

2015-ci ildə baş verən hadisədən sonra iki ölkə arasında diplomatik gərginlik yaşanıb. Misir səfirliyinə hücumdan bir il sonra, yəni 2016-cı il yanvarın 2-də İranın ali dini lideri Əli Xamneyinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum edib, diplomatik missiya binasına “molotov kokteyli” atıblar.

Bundan sonra Səudiyyə Ərəbistanı Tehrandan səfirini geri çağırıb və İran səfiri ölkədən qovulub. Bununla da iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

7Times.az