Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib.
Polkun hərbi texnikasının Ukrayna sərhədləri istiqamətində hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu kadrları Rusiyanın Belqorod vilayətinin sakinləri çəkiblər.
“Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, “Tiqr” və “Ural-VV” zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kalon hərəkət edir. Texnikanın “Kadırov polku”na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub.
Bildirilir ki, həmin kalonu daha sonra Valuyki rayonunda da görüblər, amma bu dəfə texnikanın üzərindəki identifikasiya nömrələri örtülüb. Valuyki rayonu Ukraynanın cəmi 10 kilometrliyində yerləşir, sakinlər həmin rayonda 50-dən çox texnikadan ibarət hərbi kalonun videokadrlarını çəkiblər.