Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.
7times.az xəbər verir ki, bu barədə “Afina Makedoniya İnformasiya Agentliyi” məlumat yayıb.
Yunanıstanın tanınmış siyasətçisi olan Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.
O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən müqavimət hərəkatında iştirak edib.
Papulyas ixtisasca hüquqşünas olub. Afina Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Milan Universitetinin aspiranturasında davam etdirib, beynəlxalq özəl hüquq üzrə ixtisaslaşıb və Köln Universitetində doktorluq dissertasiyası müdafiə edib. 1963-1981-ci illərdə vəkillik fəaliyyəti ilə məşğul olub.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.
Follow @7timesaz