Dünya

Kiyevə hücum silahları göndərilməsinə başlanılır – Ukraynanın silahlandırılmasında növbəti mərhələ

Kiyevə hücum silahları göndərilməsinə başlanılır – Ukraynanın silahlandırılmasında növbəti mərhələbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ABŞ Ukraynaya 2 milyard 850 milyon dollarlıq növbəti hərbi yardım paketi elan edəcək. Beləliklə, Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib. Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. ABŞ Ukrayna ordusuna “M2 Bradley”, Almaniya “Marder” PDM-ləri, Fransa isə “təkərli tank” adlandırılan “AMX-10 RC” zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər.

Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya “Patriot” raket kompleksi göndərəcək. Bu barədə dünən Prezident Bayden və federal kansler Olaf Şolz arasındakı telefon danışığında razılıq əldə olunub.

Prezident Co Bayden təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya “Bradley” piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir. Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüata varmayıb.

Güclü atəş vasitələri ilə silahlandırılmış “Bradley” zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir.

Xatırladaq ki, 2022-ci ilin sonunda ABŞ Konqresinə 2023-cü il üçün müdafiə büdcəsinin layihəsi təqdim olunmuşdu. Bu büdcədə Ukraynaya 45 milyard dollar məbləğində hərbi yardım da nəzərdə tutulmuşdu. Bütünlükdə 2022-ci il ərzində ABŞ Kiyevə 120 milyard dollarlıq hərbi yardım verib.

Ukraynaya yeni maliyyə yardımı paketi Avropa İttifaqında da təsdiq olunub. Avropa İttifaqı Avropa Komissiyasının təqdimatı ilə Ukraynaya 18 milyard avroluq güzəştli kredit paketi verəcək. Ukrayna bu krediti 2033-cü ildən başlayaraq 35 il müddətində ödəməlidir.

Qeyd olunduğu kimi, Fransa hökuməti də Ukraynaya AMX-10 RC təkərli tanklarının və Bastion zirehli PDM-lərinin verilməsinə hazırlaşır.

Yelisey sarayından vurğulayıblar ki, AMX-10 RC Ukraynaya verilən ilk Qərb istehsalı tank olacaq. Fransa istehsalı AMX-10 RC zirehli maşınları döyüş kəşfiyyatının həyata keçirilməsi üçün istifadə olunur. Bu maşınlar 1981-ci ildən bəri Fransa ordusunun istifadəsindədir. 2021-ci ilə olan məlumata görə Fransa ordusunun 240 ədəd belə maşını vardı. Bu maşının 105mm çaplı topu, 7.62mm çaplı pulemyotu və tank qülləsinin iki tərəfində iki qumbaraatanı var.

Almaniya isə bəyan edib ki, Ukraynaya təkmil silahların verilməsində keyfiyyətcə yeni addımın atılmasına hazırlaşır. Media bu yardım paketinə “Marder” zirehli döyüş maşınlarının da daxil olacağını yazır.

Ekspertlərə görə, hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir.

“AzPolitika.info”