Dünya

“Könüllü təslim olanlar…” – Rusiya orduda sərt cəza tədbirlərinə start verdi

“Könüllü təslim olanlar…” – Rusiya orduda sərt cəza tədbirlərinə start verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin yeddinci ayında Rusiyanın qismən səfərbərlik elan etməsi ağıllarda bir sıra suallar yaradıb.  Məsələn, “Rusiya qismən səfərbərlikdə hansı tədbirləri görəcək?”, “Rusiya niyə müharibənin yeddinci ayında qismən səfərbərlik elan etdi?”, “Səfərbərlik və qismən səfərbərlik arasında fərq nədir?”, “Rusiya niyə bu günə qədər qismən səfərbərlik elan etməyib?”, “Qismən səfərbərlik cəbhəyə necə təsir edəcək?”.

7Times.az  bildirir ki, Türkiyənin “Posta” qəzeti sözügedən suallara cavab tapmağa çalışıb. Belə ki;

1. Rusiya qismən səfərbərlikdə hansı tədbirləri görəcək ? – Putinin açıqlamasına görə, hərbi xidmətə yalnız müəyyən hərbi təcrübəyə malik, ehtiyatda olan və silahlı qüvvələrdə xidmət etmiş vətəndaşlar cəlb olunacaq. Çağırışçılar bölmələrə göndərilməzdən əvvəl xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla əlavə hazırlıq keçiriləcək. Səfərbərliyə çağırılanlara müqaviləli əsgərlərin maaşı səviyyəsində ödəniş ediləcək. Müdafiə naziri Sergey Şoyqu Putinin qismən səfərbərlik elan etməsindən sonra verdiyi açıqlamada orduya 300 min ehtiyatda olan hərbçinin çağırılacağını bildirib. Digər tərəfdən, Rusiyada hərbi səfərbərlikdən qaçanların həbs cəzasının artırılması ilə bağlı qanun layihəsi Rusiya parlamenti tərəfindən qəbul edilib. Qanun layihəsinə görə, düşmən ordusuna könüllü təslim olan əsgərlər 10 il, müharibədə talan edənlər isə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Səfərbərlik zamanı hərbi xidmətdən yayınmaya görə cəza da 5 ildən 10 ilə qaldırılıb.

2. Rusiya niyə müharibənin yeddinci ayında qismən səfərbərlik elan etdi? – Ukrayna qüvvələri son həftələrdə əks hücuma keçib. Təxminən 2 həftə əvvəl Kiyev Rusiya ordusuna qarşı aktiv əks-hücum əməliyyatına başladıqlarını açıqlayıb. Açıqlamada əks-hücum nəticəsində 3 min kvadrat kilometrdən çox ərazinin Rusiyadan geri alındığı qeyd edilib. Hətta Rusiyanın aylar əvvəl tutduğu Luqanskı Ukraynanın geri qaytardığı bildirilib.

3. Səfərbərlik və qismən səfərbərlik arasında fərq nədir? – Səfərbərlik silahlı qüvvələrə dəstək çərçivəsində həyata keçirilən tədbirlərdir və onun əhatə dairəsi təkcə hərbi xidmətə çağırış deyil. Səfərbərlik həm ölkə sənayesini, həm milli güc elementlərini, həm də cəbhədəki silahlı qüvvələri dəstəkləməyi əhatə edir. Qismən səfərbərlik isə ehtiyatda olan, yeni tərxis olunmuş, hərbi yaşda olan və ya istefada olan peşəkar hərbçilərin ehtiyac əsasında və plan çərçivəsində geri çağırılmasıdır.

4. Rusiya niyə bu günə qədər qismən səfərbərlik elan etməyib? – Rusiya işğal hərəkatına başlayanda müharibənin bu qədər uzun çəkəcəyini düşünmürdü.

5. Qismən səfərbərlik cəbhəyə necə təsir edəcək? – Qismən səfərbərlik cəbhədəki əsgərlərin sayını artırır. Əsgərlər bunu bir növ dəstək almaq kimi qiymətləndirə bilər, ancaq yeni əsgərlərə ehtiyac yaranarsa, bunu müharibəni uzatmaq kimi də şərh edə bilərlər. Xarkov kimi meşə ərazilərində çoxlu sayda piyadanın olması əhəmiyyətli üstünlük təmin edir. Ukrayna 1 milyona yaxın əsgəri, eləcə də xarici silahlı qüvvələrin əsgərlərini səfərbər edib. Rusiya isə hücuma qarşı balans yaratmaq üçün səfərbərlik elan edib. Cəbhədə əsgərlərin sayının artması psixoloji duruma da təsir edəcək, oradakı əsgərlərə ruh yüksəkliyi verəcək.