Aktual

Le Pen sürətlə irəliləyir: Fransa faşizmə bir az da yaxınlaşdı

Le Pen sürətlə irəliləyir: Fransa faşizmə bir az da yaxınlaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təkcə Fransada deyil, Qərbi və Şərqi Avropada, hətta Skandinaviya ölkələrində də ultra-sağ meyilli partiyaların cəmiyyətdə mövqeyi güclənməkdədir. Bu isə baş verən hadisələrlə bağlıdır.

Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Fransadakı seçkilərin ilkin nəticələrini Axar.az-a şərh edərkən deyib. Politoloq səbəb kimi miqrant axınını və multikultural siyasətin iflasını göstərib:

“Son illərdə biz siyasətçilərin kobud xətaları ucbatından qoca qitəyə miqrant axınının hədsiz dərəcədə artdığını görürük. Xüsusən Suriya və Əfqanıstandan fərqli milli-mənəvi dəyərlər sistemində yetişən insanlar Avropa tərəfindən asanlıqla qəbul edilə bilməzdi. Aparıcı Avropa ölkələri, o cümlədən Fransa İkinci Dünya müharibəsindən sonra həyata keçirdikləri multikultural siyasətin optimal və ideal olduğunu hesab edib. Amma bütün dünya ötən əsrin 90-cı illərinin sonunda sözügedən siyasətin iflasa uğradığının şahidi oldu. Hətta təxminən on il əvvəl Almaniya və Fransa multikultural dəyərlər, dini və etnik siyasətlə bağlı yeni konsepsiyaya ehtiyac olduğunu elan etdi. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, bu konsepsiya hələ də hazır deyil”.

Zaur Məmmədov problemin yaxın gələcəkdə daha da kəskinləşəcəyini və Fransanın ağıllı liderlərə ehtiyacının olduğunu vurğulayıb:

“Nəticə etibarilə hazırda biz Fransada prezident seçkilərində ultra-sağçı partiyaların öz nəticələrini xeyli dərəcədə yaxşılaşdırdığını görürük. Bəhs etdiyimiz məsələ yalnız Le Penin “Milli Birlik” partiyasına aid deyil. Əgər ultra-sağçı müxalifət birinci turda vahid namizədlə çıxış etməyə nail olsaydı, bəlkə də Makron indi seçkidə məğlub idi. Yaxın illərdə sözügedən partiyaların mövqeyi daha da güclənəcək və Avropa qarşıdakı on və iyirmi il ərzində faşizmlə daha kəskin şəkildə qarşıla bilər. Fransada vətəndaşın ölkədə ağıllı namizədlərə və dövlət rəhbərlərinə ehtiyacı var. Lakin əfsuslar olsun ki, onların içində belələri azdır”.

Qeyd edək ki, Fransada 10 apreldə keçirilən prezident seçkilərinin birinci turunda qalib gələn iki namizəddən biri Le Pen ultra-sağçı və qatı millətçidir. O, 2017-ci il seçkilərinə nisbətən daha yüksək səs almağı bacarıb.

24 apreldə baş tutacaq seçkilərin ikinci turunda, ilkin proqnoza görə, Makron 52 faiz, Le Pen isə 48 faiz civarında səs alacaq. Hətta bəziləri Le Penin qalib olmayacağını tam əminliklə deməkdən imtina edib.

Fransada qatı millətçi və ultra-sağçı namizədin ölkə seçicilərinin 48 faizinə yaxınının səsini almaq imkanı da böyük təhlükədir. Xatırladaq ki, 2017-ci ildə Le Pen birinci turda 21,3 faiz səs toplayaraq, ikinci tura keçmişdi. İkinci turda isə 33,94% səs qazanmışdı və bu, ciddi narahatlıq doğurmuşdu.

2022-ci il 10 aprelindəki birinci tur seçkisində isə Le Pen 23,3 faiz səs toplamağı bacardı.