Bu gün saat 5:00 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində iki azyaşlı ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olublar, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.
Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Follow @7timesaz