“Deyirdilər ki, bizim nəsil nədir, artist nədir, onu İçərişəhərdə evində öldürmüşdülər…”
“Azərbaycanın ilk peşəkar rejissoru və aktyoru Hüseyn Ərəblinski mənim babamın əmisi oğlu olub. O vaxt aktyor tapmadığı üçün özü də rol oynayıb. Onunla bağlı əmim Məlik Dadaşovdan, atam Süleyman Dadaşovdan eşitdiklərimi sizinlə də bölüşmək istərdim. O Şamaxıda zadəgan ailəsində dünyaya göz açıb, amma bir çox mənbələrdə qeyd olunur ki, guya fəhlə, kasıb ailədə dünyaya göz açıb. Ana tərəfi onun qadın rolları ifa etməsini birmənalı qarşılamayıb. Babamgili də onun qadın rollarını ifa etməsinə razı olmayıb, amma onlar daha müasir idilər. Deyirdilər ki, bizim nəsil nədir, artist nədir? Təsəvvür edirsiniz, bu gün bütün nəslimizin nümayəndələri səhnədədir. Təqiblərə məruz qalan Hüseyn İçərişəhərdə ev tutub yaşayır. Babam danışır ki, ona qardaşlarından, əmisi oğlanlarından gizlin kömək edirdim, maddi köməklik göstərirdim. Xanım obrazları ifa etdiyinə görə dayısı oğlu gəlib onu İçərişəhərdə öldürmüşdü. Hüseyn Ərəblinskinin ölümü ilə bağlı versiyalar da mövcud idi. Yalandan deyirdilər ki, guya milyonçu Hacı Zeynalabdin Tağıyevin arvadına göz dikdiyi üçün onu öldürüblər. Bu ağ yalandır. Hüseyn Ərəblinski yaraşıqlı kişi olub, onun həyatında qadınlar da az olmayıb. Əmim danışırdı ki, hətta çox savadlı bir qadına aşiq olub. Babama deyib ki, mənim üçün elçi gedərsən. Heyf ki, gənc yaşda əbədiyyətə qovuşub”.
Bunu Moderator.az-a açıqlamasında xaql artisti Brilliant Dadaşova deyib. O daha sonra nəslinin digər tanınmış nümayəndələrindən söhbət açıb.
“Mənim əmim Salman Dadaşov 1942-ci ildə Azərbaycanda ilk dəfə caz orkestrində ifa edən sənətçi olub. Ondan sonra 1954-cü ildə Rəşid Behbudov oxuyub. Hətta ermənilər deyirdilər ki, 1938-ci ildə bizdən əvvəl onlarda caz yaranıb. Amma sübut etməyə bir görüntüləri də yoxdur. Əmim ixtisasca hüquqşünaslığa yiyələnirdi, sadəcə olaraq nənəmin istəyi ilə Moskvadan qayıdıb gəlmişdi. O vaxt kimə məhkəmələrə vəkil lazım idisə əmimə yazdırırdılar. O vaxt indiki kimi deyildi, indi pul verib, vəkil tuturlar. Hesab olunurdu ki, Sovet hökümətinin məhkəməsi o qədər düzgündür ki, orada heç vəkilə ehtiyac yoxdur” deyə sənətkar bildirib.
Xalq artisti bir müddət əvvəl müsahibələrinin birində “Madonna müğənni deyil” dediyi sözlərə də aydınlıq gətirib.
“Musiqi yarışmasında qızlar Madonnanın mahnısını oxudular. Mən dedim ki, qızlar, siz Madonnanın mahnılarını hətta ondan da gözəl oxuyursunuz və yenə də oxuya bilərsiniz, amma siz Azərbaycan mahnıları oxumalısınız, çünki bu sizin qanınızda, canınızdadır. Madonna heç vaxt Azərbaycan mahnısı oxuya bilməz, ümumiyyətlə o müğənni deyil. Heç onların güclü oxuyanları bizim mahnıları oxuya bilməz, o ki, qalsın Madonna. Madonna sadəcə qəşəng qadındır və əla reklamı var. Bu sözüm gündəm oldu, hamı yazdı, pozdu. Dahi şəxsiyyətlərin nəslindən olan biri kimi mən Madonnaya müğənni deyə bilmərəm” deyə müğənni bildirib.
Qeyd edək ki, 4 mart Hüseyn Ərəblinskinin anım günüdür.
Follow @7timesaz