Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Xaçmaz rayonunun Aşağı Zeyid kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Partiya fəaliyyət dövrü ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycan xalqının xilaskarı, partiyamızın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 31 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edən Məhəmməd Balaqadaşov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Məhəmməd Balaqadaşov 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.