“Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb”.
Bu şikayətlə “Qafqazinfo”ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib.
Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqda baş verib: “Bu hadisəni kimlər törədirsə, 5 ildir tapılmırlar. İllər öncə düz 12 baş atımız oğurlandı. Daha sonra, 3 il öncə 11 baş iribuynuzlu seçilmiş mal-qara oğurlanıb. Hansı ki onlar tam da satılmalı heyvanlar idi. Bu ilin aprelin 4-də isə 15 baş iribuynuzlu mal-qara oğurlandı. Bununla da əlimizdə heç nə qalmadı. Artıq üçüncü oğurluqdur ki, üstü açılmır”.
Rauf Piriyev deyir ki, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib: “Bütün ailəmin xərcləri bu heyvanlara baxırdı. Onlar da beləcə əldən çıxdı. Biz yaylaq üçün Qusarın Ləzə kəndinə üz tuturuq. Uzun illərdir atam, qardaşım və mən təsərrüfatla məşğuluq, amma orada başımıza belə hadisə gəlməyib. Lakin bu il qışlaqdan əliboş qayıtmalı olacağıq. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. 5 ildir ki, cinayətkarlar tapılmır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, hazırda vətəndaşın müraciəti üzrə aidiyyəti ərazi polis orqanında araşdırma aparılır.
Follow @7timesaz