Ölkə

Mehriban xanımın gördüyü işlər hər bir türk xanımı üçün nümunə olmalıdır

Mehriban xanımın gördüyü işlər hər bir türk xanımı üçün nümunə olmalıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərlə insanın həyatına son qoydu, dağıntılar altında qalan minlərlə insanın taleyi isə hələ də naməlumdur. Azərbaycanda ilk gündən türkiyəli bacı-qardaşlarına mənəvi dəstəyi ifadə edərək hər kəs bölgəyə yollanmaq və xilasetmə əməliyyatlarında birbaşa iştirak etmək üçün həmrəy olub.

Dövlət tərəfindən Türkiyəyə səyyar hospital, tibbi personal, isti geyimlər, çadırlar və digər ləvazimatlar göndərilib. Yardımlar təkcə dövlət xətti ilə deyil, eyni zamanda  ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən də həyata keçirilir. Özəl şirkətlər tərəfindən qardaş ölkəyə edilən yardımın həcmi bir milyon dollardan çoxdur  və bu, davam edir. Heydər Əliyev Fondu vasitəsilə Türkiyəyə böyük həcmdə yardım göndərilib. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir. Türkiyədə havanın çox soyuq olduğunu və buna görə insanların qızdırıcı cihazlara ehtiyacı yarandığını nəzərə alaraq, budəfəki humanitar yardımda içərisində qızdırıcı olan çadırlar, istilik radiatorları, generatorlar da göndərilib. Xilasetmə işlərinə dəstək olmaq məqsədilə digər zəruri avadanlıqlar da göndərilən yardıma daxildir.

Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

Millətimizin qardaşlığının və qarşılıqlı dayanışmasının başqa bir şanlı səhifəsini isə Mehriban xanım Əliyevanın öz instaqram səhifəsindən xalqımıza ünvanladığı müraciət təşkil edir. Bu müraciətində ölkənin birinci xanımı xalqımızın öz tarixi ənənələrinə, humanist dəyərlərimizə sadiq qaldığını vurğulayaraq qardaş ölkəyə bütün səviyyələrdə yardım təşkil etdiyinə görə təşəkkür edir və öz xalqı ilə qürur duyduğunu bildirir. Hər bir azərbaycanlının ürəyini riqqətə gətirən bu fikirlər təkcə Türkiyəyə yardım hadisəsi deyil, həm də xalqımızın birliyi, həmrəyliyi, milli maraqlarımız üçün səfərbər olmağı bacarması və uzun illərdir ki, Mehriban xanım Əliyevanın təbliğ etdiyi humanist dəyərlərimizin ümummilli təntənəsinin ifadəsidir. Mehriban Əliyeva bu humanistliyi ilə həm də türk dünyasının yeni tarixinə düşmüş olacaq. Türk dünyasının birliyi istiqamətində Mehriban xanımın gördüyü işlər hər bir türk xanımı üçün nümunə olmalıdır.

Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın humanitar yardımla bağlı çağırışı da onun bu məsələyə nə qədər həssas yanaşdığının göstəricisidir. Bu cür yüksək qiymət, qədirbilənlik, hər zaman xalqın yanında olmaq yüksək mənəviyyat və humanizm ideallarına sadiqlikdən irəli gəlir. Birinci vitse-prezidenti həm Türkiyədə, həm də ölkə daxilində yardım kampaniyasına qoşulan hər kəsə təşəkkür edir. Təbii ki, xalqımızın bəşəri əhəmiyyət daşıyan bu dəstəyi, qardaşlıq və dostluğu təqdirəlayiq haldır.

İndi ölkəmizdə hər kəs Türkiyənin tezliklə bu çətinliyin öhdəsindən gələcəyinə inanır. Dünya bir daha  iki dövlətin bir-birinə nə qədər yaxın olduğunu, sevincini, kədərini necə həssaslıqla bölüşdüyünü, ən ağır günündə bir-birinin yanında olduğunu gördü. Türkiyədə zəlzələdən dərhal sonra  Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyini və  hərtərəfli yardım göstərməyə hazır olduğunu  bildirib. Elə ilk xilasedicilər qardaş ölkəyə Azərbaycandan göndərilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millət olaraq həmişə bir-birinin yanındadır.

7Times.az