Maqazin

“Mən sanki başqa bir dünyada yaşayıram, özümə sual verirəm ki, nə vaxt böyüyəcəm..?”

“Mən sanki başqa bir dünyada yaşayıram, özümə sual verirəm ki, nə vaxt böyüyəcəm..?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ad günümü qeyd etməyi uşaqlıqdan sevirəm. Bu günü səbirsizliklə gözləyirəm hər zaman. Düşünürdüm ki, yaşa dolduqca ad günü yadımdan çıxacaq amma 51 yaşım tamam oldu, yenə də mənim üçün dəyişən heç nə yoxdur. Yəqin ki, uşaqlıqdan ulduz olmalı idim, taleyimə belə yazılıb, amma mənim xəbərim yox imiş. Bu mənim alın yazımdır. 35 ildir ki, səhnədə, sənətdəyəm. Məktəb illərindən mədəniyyət klublarında, məktəb ansambllarında oxuyurdum. Sənət yoluma bax belə başlamışam”
Bunu Moderator.az-a açıqlamasında ötən günü doğum gününü qeyd edən xalq artisti, pop diva Aygün Kazımova bildirib. O daha sonra əlavə edib.
“2-3 ildir ki, pandemiyaya görə doğum günü qeyd etmirdim. Keçən il doğum günümü evdə qeyd etdim. Bunun özü də başqa bir maraq idi. Bu il isə doğum günümü dostlarımla birlikdə qeyd etdim. Bilirsiniz ki, mən böyük bir komanda ilə çalışıram. Ad günümə gələn qonaqlara komandamız böyük sürprizlər hazırlamışdı ki, günümüz şən keçsin. Oyunlar var idi, qalib gələnlərə hədiyyələr bağışladıq” deyə sənətkar bildirib.
Xalq artisti fanatlarının ona olan sevgisindən də danışıb.
“İndiyə qədər mənə hədiyyə olunan fanatlarımın əşyalarını saxlayıram. Yadıma gəlmir ki, kimsə bir özəl insan mənə hədiyyə etsin və mən sevə-sevə onu yadigar saxlayım. Bu yaddaşımdan silinib. Artıq 22 ildir ki, Aygün Fan Klub fəaliyyət göstərir. Bilirsiniz ki, bu Azərbaycanda yaradılan ən böyük fan klubdur. Özüm kimi orijinal fanatlarım var. Bir bilsəniz məni nə qədər çox sevirlər. Hətta onlar bu ilki doğum günümə çox gözəl sürpriz ediblər. Hövsanda beton yolunun sağında zeytun ağacları var. Onlar da həmin ərazidə ağacəkmə aksiyası keçirdilər və orada mənim adıma 50+1 ağac əkdilər. 50 ağacı onlar, birini isə mən əkdim. Bu bağın adını “Aygün bağı” adlandırdılar. Bilirsiniz ki, zeytun ağacları min il yaşayan ağaclardır. Biz hər il sevimli fanatlarımla orada görüşəcəyik. Təbiət mənim üçün çox önəmlidir. Bütün gücümü bəlkə də təbiətdən alıram” deyə sənətkar bildirib.
Xalq artisti bu gün də var gücü ilə sənət üçün çalışdığını bildirib.
“Hər zaman öyrənmək, ən yaxşı müəllimlərlə çalışmaq mənim xasiyyətimdə, canımda, qanımdadır. Heç vaxt öyrənməkdən yorulmuram. Düşünürəm ki, mən hələ heç nə etməmişəm. İnsan sənət üçün doğulmalıdır. Söhbət təkcə müğənnilikdən getmir. Elə peşələr var ki, adamın gözünə görünmür, amma bir bilsəniz ki, nə qədər önəmlidir?! İnsan öz peşəsi üçün doğulanda böyük işlər ərsəyə gəlir. Mən sanki başqa bir dünyada yaşayıram. Özüm üçün yox, sənət üçün yaşayıram. Həmişə özümə iki sual verirəm, “mən nə vaxt böyüyəcəyəm? və “mən deyəsən səhv yaşayıram axı?” Hətta oxudum və gördüm ki, bu hisslər normaldır. İşin öhdəsindən mükəmməl gələn insanlarda bu hisslər olur. Uşaq vaxtı niyə biz hər şeyə atılırdıq? Çünki əlimiz yanmamışdı, oradan yıxılmamışdıq. Hər başına gələn sənə təcrübə olur deyə o yadında qalır ki, birdən yenə də həmin hadisə baş verər. Qorxularla mübarizə aparanda, onları özündən uzaqlaşdıranda insan çox şey əldə edir. Ona görə də hər zaman çalışıram kliplərdə, layihələrimdə cəsarətli olum, heç nədən qorxmayım. İşin maksimum yaxşı alınması üçün hər şeyi etməyə hazıram” deyə xalq artisti Aygün Kazımova bildirib.