Kreml İrəvanda Vardanyanı hakimiyyətə gətirməyi planlayır
Rusiya 31 avqustda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdiyi növbəti görüşü qəzəblə qarşıladı. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi münaqişə tərəfləri haqqında danışmasa da Avropa İttifaqını Rusiyanın sülh təşəbbüsülərini oğurlamaqda ittiham etdi.
Onun bəyanatında bir cümlələr diqqət çəkirdi: “Ümumiyyətlə, biz görürük ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermək istəyi ilə deyil, geosiyasi ambisiyalarla müəyyən edilir. Bunlar avropalıların psevdotəşəbbüsləridir. Bu, daha çox Moskvanın vasitəçilik uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir”.
Bu bəyanatın ardınca sentyabrın 2-də Xankəndində Rusiya tərəfindən himayə edilən erməni separatçı-cinayətkar qurumundan verilən təxribatçı açıqlamalar, mitinqlər, Rusiyada vətəndaşı, erməni milyarder Vardanyanın Qarabağa köçməsi, habelə Kəlbəcərdə Azərbaycan hərbi avtomobillərinin atəşə tutulması xəbərləri gəldi.
Məlumdur ki, 2 sentyabrda separatçı cinayətkar qurum qondarma “müstəqillik” gününü qeyd edir. Amma müharibədən sonra bölgədə formalaşmış yeni status-kvo bu cür tədbirləri tamamilə formal hala gətirib. Xankəninin mərkəzinə toplaşıb-dağılışanlar müharibədə öldürülən minlərlə erməni hərbçisinə yas tutub, şam yandırmaqla kifayətlənməli olurlar. Artıq bu cinayətkar qrupun liderlərinin nitqlərində də qondarma müstəqilliyi davam etdirməyə heç bir ümid olmadığı aydın sezilir.
Bununla belə Rusiya öz planlarından əl çəkmir və Ermənistanı və Qarabağdakı erməni azlığı öz maraqlarına naminə alət etməkdə davam edir. Bu istiqamətdə yeni-yeni təxribat planları işə salınır.
Məsələn, 2 sentyabrda separatçıların başçısı Arayik Arutyunyan bildirib ki, yeni Laçın yoluna Rusiya sülhməramlıları ilə bərabər onların müvafiq “təhlükəszilik” qurumlarının əməkdaşları da nəzarət edirlər. Bu barədə erməni mediası da bir gün əvvəl yazmışdı.
Rusiya bu xəbərləri hələ ki, təkzib etməyib, Azərbaycanın da Moskvadan bu barədə izahat tələb edib-etməməsi məlum deyil. Eləcə də erməni milyarder Ruben Vardanyanın Azərbaycanın icazəsi olmadan Qarabağda məskunlaşması xəbərinə də aydınlıq gətirilməyib. Bütün hallarda bu məsələyə Rusiya Bakıya izahat verməlidir: Rusiya vətəndaşı olan milyarder, mənsub olduğu ölkənin vətəndaşlığından imtina edib Qarabağda necə məskunlaşa bilər?
Ekspertlər isə bildirirlər ki, bu elə də sadə məsələ deyil, Vardanyan elə Kremlin Qarabağla bağlı planlarının bir hissəsidir.
Ermənistan rəhbərliyi nə qədər yaxasını kənara çəkmək görüntüsü yaratsa da əslində zaman-zaman Rusiya ilə birgə hərəkət etdiyini gizlədə bilmir. Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyir, başqa tərəfdən Qarabağdakı erməni azlığının “statusu”ndan, hüquq və təhlükəsizliyindən, artıq mövcud olmayan Minsk Qrupunun yenidən prosesə qayıtmasından dəm vurur.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qeyri-rəsmi şəkildə Xankəndindəki “müstəqillik” tədbirinə göndərilməsi də İrəvanın riyakar davranışlarını bir daha təsdiqləyir. Rəsmi Bakı da bunu Ermənistan tərəfinin növbəti təxribatı və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirən amil kimi dəyərləndirib.
Xarici İşlər Nazirliyinin açıqlamasında həm də vurğulanır ki, bu səfərin iki ölkə liderlərinin Brüsseldəki növbəti görüşündən dərhal sonraya təsadüf etməsi İrəvanın normallaşma prosesində səmimi olmadığını nümayiş etdirir: “Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.”
Nazirlik Ermənistan rəsmisinin bu addımını qınayır və Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımların cavablandırılacağını bildirir.
Prosesləri təhlil edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Brüssel formatında sayca dördüncü görüşün dörd saat davam etməsi bir daha sübut edir ki, diplomatiya masasında Azərbaycan və Ermənistan arasında hər hansı bir razılaşma asanlıqla əldə edilmir.
Onun sözlərinə görə, alınan ilk məlumatlardan bəlli olur ki, müzakirənin əsas predmeti olan sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün xarici işlər nazirlərinə bir ay müddətində görüşmək tapşırığının verilməsi, ermənilər tərəfindən narazılıqla qarşılanıb: “Ermənistan nümayəndə heyətini “bir aylıq müddət” və Qarabağ məsələsinin müzakirəyə çıxarılmaması narzı salıb. Ermənistan baş nazirinin “Azərbaycanın tərkibində dağlıq Qarabağın statusunu” müzakirə etməyə bir xeyli cəhd etdiyi barədə də məlumatlar daxil olur. Şarl Mişelin rəsmi açıqlamasında iki dövlət arasında “münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı və bir ay müddətində layihə mətnlərin hazırlanması tapşırığının verildiyi” qeyd olunur. Burada “işin sürətləndirilməsi” və “bir ay müddəti” sözlərinə xüsusi diqqət yetirmək lazımdır. Bu ilin aprelində Brüsseldə keçirilən ikinci görüşdə də delimitasiya üzrə ikitərəfli komissiyanın aprelin sonunadək yaradılması şərt kimi irəli sürülmüşdü, çünki komissiyanın yaranması hələ 26 noyabr Soçi görüşündə razılaşdırılsa da, ermənilər və təbii ki, həm də Rusiya süni şəkildə zamanı uzadır və komissiyanı yaratmırdı. Baxmayarq ki, Azərbaycan tərəfi komissiyanın tərkibini də elan etmişdi. Məhz Brüssel görüşündə konkret vaxt qoyulduqdan sonra mayın ortalarında ikitərəfli komissiya yarandı və ilk görüşü də mayın sonunda Moskvada keçirildi. Yeri gəmişkən, ikinci görüş də Brüssel görüşü ərəfəsində Moskvada keçirildi və birinci görüşdə olduğu kimi bu dəfə də konkret olaraq hansı razılaşma olduğu açıqlanmır. Görünür, heç bir razılaşma olmayıb.
Brüssel görüşü ərəfəsində Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Avropa İttifaqının vasitəçiliyini “geosiyasi ambisiya”, və “pevdo təşəbbüs” kimi dəyərləndirməsi Moskvanın Brüssel formatına narazılığını yox qəzəbini ifadə edirdi. Kreml noyabrda keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşlərinə mane olmaq məqsədilə həm Qarabağda, həm də Ermənistanda gərgin vəziyyət yaratmağa və gərginlik prosesi “uğurla” davam edərsə, hakimiyyət dəyişikliyinə çalışır”.
Təhliçi daha sonra qeyd edir ki, Rusiya milyarderi Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəldiyini elan etməsi və “Artsaxın inkişafı və təhlükəsizliyi fondu” yaratmaq niyyətində olduğu məsələnin görünən tərəfidir.
Onun sözlərinə görə, əsl məqsəd Paşinyan hakimiyyətinə son verib birmənalı olaraq Rusiyanın mövqeyində dayanan yeni fiqur – milyarder Ruben Vardanyanı hakimiyyət olimpinə yüksəltməkdir: “Əslən Qarabağ ermənisi olmayan, İrəvanda anadan olan Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir. Vardanyanın məqsədi fond yaratmaq olsaydı, bunu Rusiya vətəndaşlığından imtina etmədən də həyata keçirə bilərdi. Sadəcə, Ermənistan baş naziri olmaq üçün Ermənistan vətəndaşı olmaq lazımdır”.
Ekspert xatırladır ki, dünəndən İrəvanda yenidən etiraz mitinqlərinə start verilib və qondarma separatçı rejimin “müstəqillik günü” münasibətilə Ermənistan müxalifəti apreldən başlayıb uğursuzluqla nəticələnən küçə etirazlarına yenidən başlayıb: “Müxtəlif siyasi partiyalar Ermənistanın müstəqillik gününə -21 sentyabra kimi Paşinyan hakimiyyətinə son verməyə çağırışlar edib. Brüssel danışıqlarını, Laçının, Zabux və Sus kəndlərinin azad edilməsini də bəhanə gətirib mövcud iqtidarı devirmək cəhdi həm müxalifətin, həm də onu idarə edən Kremlin yürütdüyü siyasətdir. Moskvanın Koçaryan, Sarkisyan cütlüyündən əlini üzəndən sonra yaşadığı lider böhranını Ruben Vardanyanın simasında əvəzləmək planına məhz Brüssel görüşündən həmən sonra başlamasının konturları açıq görünür. Azərbaycan üçün qarşı tərəfin liderlərinin dəyişməsi, ümumiyyətlə şəxsin kim olmasının xüsusi önəmi yoxdur. Biz ərazi bütövlüyümüzü heç kimə güzəşt etmirik”.
İlham İsmayıl əlavə edir ki, Paşinyanın Brüsseldə bir söz, İrəvanda başqa söz danışmasına, ritorikasının fərqli olmasına adət etmişik.
“Bu gün də separatçılara göndərdiyi “təbrik məktubu”nda da Şarl Mişellə razılaşdırdqlarının tam əksini söyləyib. Paşinyan daxili və Rusiyadan gələn xarici təzyiqləri səngitmək üçün fərqli mövqe nümayiş etdirib”,– o qeyd edib.
Ekspertə görə, bütün qeyd olunanlar onu göstərir ki, Rusiya və Ermənistan Qarabağa münaqişəsində son nöqtənin qoyulmasının, iki ölkə arasında sülh müqaviləsini imzalamasının əleyhinə birgə siyasət yürüdürlər: “Azərbaycan Avropa İttifaqı, Türkiyə ilə birlikdə süni zaman uzadılmasının qarşısını almaq üçün diplomatik səylərini artırmalı, əks mövqe ortaya qoymalı, 10 noyabr 2020 bəyanatında göstərilən müddəaların-erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını və keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlı qaçqınların geri qaytarılmasını həll etməlidir. Əks halda, delimitasiya və demarkasiya işləri, yekun sülh sazişi illərlə zaman alacaq, bu isə Azərbaycanın maraqlarına əksdir və təhlükə yaradır”.
Politoloq Elxan Şahinoğlu isə bildirir ki, Xankəndidə və İrəvanda keçirilən mitinqlərin iki hədəfi var idi: Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan. Onun sözlərinə görə, Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsləri yoxdur.
“Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər. Bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”, –o əlavə edib.
Təhlilçi bildirir ki, ermənilrə məğlubiyyəti həzm etmək istəmirlər: “Mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz”.
Follow @7timesaz