Aktual

“Moskva”nın vurulmasında Qərbin “Bayraqdar” tələsi

“Moskva”nın vurulmasında Qərbin “Bayraqdar” tələsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” gəmisinin vurulmasından sonra ABŞ və İngiltərə mediasının davamlı bir şəkildə “Bayraqdar”ları ön plana çıxarması, krayserin vurulmasında “Bayraqdar TB2” PUA-sının rolunu xüsusi vurğulaması qardaş Türkiyəyə qarşı təxribat cəhdidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ruslan Bəşirli deyib.

O bildirib ki, məqsəd Ukrayna və Rusiya arasında olan yeganə rabitə və danışıq kanalını kəsmək, uzunmüddətli müharibəyə nail olmaqdır.

“Digər mühüm məsələ isə Türkiyəni bu savaşa daxil etmək istəyidir. Ankara bu xeyirsiz Qərb layihəsini başa düşür və proseslərə təmkinlə yanaşır. Türkiyənin dövlət ağlı əsla onun mənafeylərinə cavab verməyən bir savaşa girməz”, – politoloq qeyd edib.

R.Bəşirlinin fikrincə, Rusiyanın Kiyev və Çerniqovdan çıxması, gərginliyin azaldılması üçün Türkiyə çox mühüm rol oynamışdı:

“Ankara onsuz da Ukraynaya lazımı dəstək verib. Əvvəla, Rusiya ordusuna ciddi zərbə vuran “Bayraqdar”ları Ukraynaya satıb və müharibə başladıqdan sonra da müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, PUA-ların gerisini də verdi. İkincisi, Boğazları bağlamaqla Rusiyanın Qara dəniz istiqamətindən işğalına mane oldu. Üçüncüsü, İstanbulda Rusiyanı Kiyev və Çerniqovdan geri çəkilməyə razı saldı. Dördüncüsü, Ukraynaya humanitar yardımlar edir, Mariupol və digər şəhərlərdəki mülki insanların bir çoxu məhz Türkiyənin dəstəyi sayəsində bölgədən çıxarılıb”.

Politoloqun sözlərinə görə, Ukraynanın arsenalında “Bayraqdar”la yanaşı, ABŞ-dan gətirilmiş ən müasir PUA-ların olduğu haqda məlumatlar var:

“Niyə Rusiya üçün önəmli olan bir gəminin vurulmasında həmin ABŞ PUA-larının və yaxud 10 apreldə Boris Consonun Ukraynaya özüylə gətirdiyi iddia edilən raketlərin deyil, “Bayraqdar”ın adını xüsusi olaraq vurğulayırlar? “Bayraqdar” Ukraynanın silahlanmasına çoxdan qəbul edilib, ABŞ-ın “Reaper”inin və yaxud Britaniya raketinin verildiyi haqda məlumatlar isə yenidir. Əgər “Bayraqdar”la Ukrayna buna qadir idisə, 50 gündür niyə kreyseri vurmurdu? Niyə bu kreyser “Reaper” və raketin Ukraynaya verilməsi xəbərinin dərhal ardından vuruldu? Çoxmu sevir Qərb mediası Türkiyəni və ya “Bayraqdar”ı? Axı Türkiyənin “Bayraqdar” istehsal edə bilməməsi üçün var gücləri ilə çalışırdılar? Axı həmin Qərb mediası Qarabağ savaşında “Bayraqdar”ı “Ərdoğanın qatil dronları” adlandırırdı? İndi “xilaskar” oldu?”