Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayev, MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun orden və medalları ilə bağlı hökm çıxarılıb.
General-mayor Nizami Şirinov 8 il, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev 6 il, MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Bundan başqa, hökmə əsasən, MTN-in digər keçmiş əməkdaşı Elman Tahirov barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, N.Şirinovun general-mayor rütbəsindən məhrum edilməsi barədə Azərbaycan Prezidentə təqdimat göndərilib.
Bundan başqa, N.Şirinovun 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsinə qərar verilib.
Qeyd edək ki, N.Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.
Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.
N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.