Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqında yayılan iddialarla bağlı yeni açıqlamalar verib.
7Times.az xəbər verir ki, Türkiyənin “Birgün” qəzetinə müsahibə verən Mübariz Mənsimov erməni biznesmen Levon Termendzyanla (sonradan dəyişdirdiyi adı: Lev Aslan Dermen) Yunan adalarında tanışlarının toyunda bir araya gəldiyini deyib:
“Bereket Öner adlı şəxsin toyunda çəkilən kollektiv fotodan sonra mənim ermənilərlə ortaq şirkət qurduğum deyilir, belə bir şayiə yayılıb. Bu, Recep Canpolatın yaydığı saxta xəbərdir. Mən ermənilərlə iş görmürəm. Bu mənim qırmızı xəttimdir. İstəsəniz buna irqçilik də deyə bilərsiniz. Mən türk millətçisiyəm. Biz onlarla döyüşdük. Ailəmdən 8 şəhidimiz var. Onlardan ən böyüyünün 21 yaşı olub. Heç vaxt ermənilərlə iş görməmişəm, bunu etməyəcəyəm də. Amma müharibə istəmirəm”.
M. Mənsimov həmçinin bildirib ki, 4 ay əvvəl Yunan adalarında toyda iştirak edib. Həmin vaxt erməni iş adamı Lev Aslan Dermenlə dalaşıb:
“Öz gəmimlə getdim. Sezgin Baran Korkmaz başqa bir yaxta ilə gəldi. Ailəm, dostlarım Mehmet Ağar da vardı. Orada gözəl bir restoran var idi, biz yemək yeyərkən bunlar gəldi. Lev Aslan Derman da var idi. Dedim ki, erməniləri sevmirəm. Bunun üstündə dava düşdü, döydüm onlar da çıxıb getdi. Sezgin Baran Korkmazla Lev Aslan Dermenin ortaq olduğunu öyrənəndə onunla bütün müqavilələri ləğv etdim”.
Daha sonra jurnalist Mübariz Mənsimova müraciət edərək onun Lev Aslanla əvvəllər hansısa iş görüb-görmədikləri barədə sual ünvanlayıb. Azərbaycanlı iş adamı bunun yalan olduğunu və sübut edəcək heç bir sənədin mövcud olmadığını bildirib:
“Bunu da Recep Canpolat yayıb. Adım bəhs edilən şirkətin təsis sənədində yoxdur. Bu şirkət yalnız Lev Aslan Dermenin oğlunun adına qeydiyyatdan keçib. Sadəcə mənim şirkətimin adı olan “Palmali”dən istifadə ediblər. Bunu şirkət qurulduqdan 9 ay sonra öyrəndim. Nyu Yorkdakı ofisimizin meneceri mənə zəng etdi və “adımızdan istifadə edirlər” dedi. Lev Aslan Dermenə zəng vuraraq təhqir etdim və “niyə şirkətimin adından istifadə edirsən” dedim”.
Jurnalist növbəti sual ünvanlayaraq nə üçün erməni iş adamının Mübariz Mənsimovla ortaq kimi görsənmək istədiyini soruşur. “Palmali” şirkətlər qrupunun rəhbəri isə onların fırıldaqçılıq və qaçaqmalçılıqla məşğul olduğunu deyir:
“Onların əsas məqsədi bu şirkət vasitəsilə qaçaqmalçılıq və fırıldaqçılıq etmək idi. ABŞ-da dünyanın hər yerində şirkətlərim var. Çox böyük şirkətlərlə işləyirik. Niyə onlarla bir şirkət açmalıyam? Türk millətçisi olduğum üçün mənə qarşı “ermənilərlə ortaq iş görür” damğası vurmaq istədilər”.
İş adamından müsahibə alan Timur Soykan jurnalist Recep Canpolatın Yuta Əyalət Məhkəməsindəki iclası izlədiyi, Lev Aslan Dermen və oğlunun ona M. Mənsimovla ortaq şirkət qurduqlarını etiraf etdiyini xatırladıb:
“Yalandır! Qoy bu adam mənə bir şirkət və ya gəmi göstərsin. Recep Canpolat qəsdən bu məqalələri yazır. 2009-cu ildə bir dostumun xahişi ilə Recep Canpolatı qəbul etdim. Reklam verməyimizi xahiş etdi. Adamdan xoşum gəlmədi. Reklam verməyənlər haqqında xəbər hazırladıqlarını demişdi”.
Müsahibə zamanı məşhur “Yalıkavak” limanı barədə də danışılır. Mübariz Mənsimov limanın onun əlindən zorla alınması məsələsinin yalan olduğunu deyir:
“Kim bunu edə bilər!? Mən qorxaq deyiləm. Hansı mafiya bunu edə bilər? Türkiyədə dövlət var, polis var. Sadəcə, mənim imza səlahiyyəti verdiyim şəxslər məni aldatdı”.Yeniavaz.com