“Mən açığı müharibənin baş tutmayacağını söyləmişdim, amma Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra Vladimir Putinin davranışları, təhdidləri və qeyri-etik hərəkətləri onu göstərir ki, bu adam paranoik bir səviyyədə müharibəyə can atır”.
Bunu Yenisabah.az-a danışan siyasi şərhçi Qabil Hüseynli deyib.
O əlavə edib:
“Zənnimcə, bu, Rusiyanın sarsıdıcı şəkildə darmadağın edilməsi ilə nəticələnəcək. Yəni sonun başlanğıcı ola bilər. Çünki Rusiya, artıq o qədər ciddi naşılıqlara və Qərbə qarşı hörmətsizliklərə yer verib ki, bu dəfə onu bağışlamayacaqlar. Rusiya dövləti milli əlamətlər üzrə parçalanıb yox ola bilər”.
Ekspertin fikrincə, ruslar Ukrayna ordusunun və Qərbin ciddi müqaviməti ilə rastlaşacaqlar:
“Kim nə deyir-desin, ABŞ Rusiya əleyhinə özünün aviasiyasından, raketlərindən və kosmik obyektlərindən istifadə etməklə ciddi təhdidlər yaradacaq. Ukrayna ordusu isə modern silahlarla güclənir. Güman edirəm ki, Ukrayna Rusiyaya ciddi zərbələr vura bilər”.
Rusların “Novorossiya” iddiası isə sərsəm iddiadır. Əgər müharibə başlasa, Rusiya üçün tamamilə başqa və yeni bir tale gözlənilir və bu taleyi yaşayan ruslar, məncə, bir daha hər hansı həmdəmxəyal fikirlərə düşməyəcəklər.
Belə olan halda ölkə daxilində separatizm meylləri də çoxala bilər. Tatarıstan, Başqırdıstan və digər kiçik respublikalarla qarşıdurma ola bilər. Hətta Çeçenistanın özündə Ramzan Kadırov olmasa belə, müxalif qüvvələr baş qaldıra bilər.
Qısası, Rusiyanı yaxşı aqibət gözləmir”, – deyə politoloq fikirlərini tamamlayıb.
Follow @7timesaz