NASA-da 40 il çalışmış fizik Cim Qrin yaxın zamanda Mars planetinin terraformalaşdırma prosesinin (planetdə ətraf mühitin yaradılması, iqliminin və səthinin tamamilə dəyişdirilməsi – red.) ssenarisini təqdim edəcək.
7Times.az Lent.az-a istinadən xəbər verir ki, bununla belə alim qeyd edib ki, təqdim edəcəyi ssenaridəki ideyalar çoxları tərəfindən ciddi qəbul edilməyəcək.
NASA-da 40 il çalışandan sonra təqaüdə çıxmış Cim Qrinin sözlərinə əsasən, insanlar gələcəkdə Mars ilə Veneranı terraformalaşdıra biləcəklər:
“Marsda Günəş şüalarından qorunmaq üçün nəzərdə tutulmuş maqnit sahəsini yaratmaq mümkün olsa, o, insanların yaşamaları üçün münbit şəraiti əldə edə biləcək. Maqnit sahəsi öz növbəsində Günəşə planetin atmosferini məhv etməyə imkan verməyəcək. Nəticədə planet öz səthində istiliyi saxlaya biləcək, təzyiq yüksələcək, iqlim isə yaxşılaşaraq həyat üçün lazımi vəziyyətdə olacaq”.
Alimin sözlərinə görə, eyni prosesi, həmçinin, Venera planeti üçün də reallaşdırmaq mümkündür:
“Mars terraformalaşmağa başlayacaq. Biz istəyirik ki, planet bu prosesdə bütün mümkün imkanları ilə birlikdə iştirak etsin. Təzyiq yüksələn zaman temperatur da yüksəlir”.
Cim Qrin 1-dən 7-yə kimi olan şkaladan istifadə edərək kosmosda həyat növünün axtarışı üsulunu təklif edib:
“Marsda böyük miqdarda metan mövcuddur. Yer kürəsində mövcud olan metan miqdarının 95%-i canlı orqanizmlər tərəfindən ifraz edilir. Lakin Mars üzrə aparılmış tədqiqatlar onun sözügedən şkalada 3-cü səviyyəyə aid olduğunu göstərirlər. Milyardlarla il bundan öncə Mars landşaftı su ilə əhatə olunub. Lakin planetin maqnit sahəsi zəifləyəndən sonra həmin su buxarlanmağa başlayıb”.
Mütəxəssis deyib ki, Marsın terraformalaşdırılmasının ilkin mərhələsi üçün 60 mbar (millibar) təzyiq lazımdır. Buna başqa cür Armstronq hüdudu deyilir və bu təzyiq göstəricisi çərçivəsində orqanizmdə qan isinməyə məruz qalmır.
Hazırda isə Marsda təzyiq göstəricisi 10 dəfə daha aşağıdır. Bu isə o deməkdir ki, insanlar Mars planetinin səthinə xüsusi skafandrlar vasitəsilə ayaq basa bilərlər. Əgər planetin temperaturu ilə təzyiqini yüksəltmək mümkün olsa, bitkilər yerli torpaq şəraitində sağ qala bilərlər.
1970-ci illərdə NASA Marsa “Viking” adlı kosmik aparatlar göndərmişdi. Qrinin sözlərinə əsasən, həmin aparatlar heç də yaxşı vəziyyətə sahib olmayan landşafta enmişdilər:
“Həmin illərdə NASA Mars barəsində çox az məlumata sahib idi. Nəticədə “Viking”in apardığı təcrübələrdən biri göstərdi ki, Mars torpağında mikrob şəklində həyat növü mövcuddur. Lakin həmin vaxtda alimlər bunu dəqiq şəkildə sübut edə bilməmişdilər.
Lakin biz bunu artıq dəqiq şəkildə öyrənəcəyik. Çünki Marsdakı süxur nümunələrini Yer kürəsinə geri qaytarmağı planlaşdırırıq. Biz bu cür missiyanın lazım olacağını bilmirdik”.
Follow @7timesaz