Oktyabrın 17-18-də Brüsseldə keçiriləcək görüşdə Şimali Atlantika Alyansının müdafiə nazirləri NATO-nun Rusiya ilə münasibətlərinə yenidən baxılmasına dair müzakirələrə başlayacaqlar.
7Times.az xəbər verir ki, bunu “Politico” nəşri ABŞ Administrasiyasındakı mənbələrinə istinadla yazıb.
Administrasiya rəsmisinin sözlərinə görə, NATO aylardır Moskva ilə münasibətləri rəsmi şəkildə necə müəyyənləşdirmək barədə müzakirələr aparır və gələn həftə müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşü bu müzakirələri davam etdirmək üçün ilk rəsmi fürsət olacaq.
NATO ölkələrinin müzakirə edəcəyi məsələlər arasında 1997-ci ildə imzalanmış NATO-Rusiya Təsis Aktının gələcəyi də var. Bu sənəd faktiki olaraq qüvvədə qalır, baxmayaraq ki, bəzi ölkələr Ukraynaya qarşı işğal başlayandan sonra onun etibarsız olduğunu bildirmişlər: “NATO-Rusiya Şurası fərqli dövr üçün yaradılıb. Müttəfiqlər bunu söyləməyə hazırdırlar. Rusiya ilə münasibətlərdə yeni bir şey etməliyik”.
Rusiya ilə bağlı hələlik yeni strategiya layihəsi yoxdur, çünki hazırda əsas diqqət NATO-nun 32 ölkəsindən rəylərin toplanmasına yönəlib.
Soyuq müharibədən sonra ikitərəfli təhlükəsizlik tərəfdaşlığı üçün yaradılmış NATO-Rusiya Şurası 2022-ci ildən bəri toplaşmır. Rusiya ilə bağlı yeni strategiyanın 2025-ci ilin iyununda Haaqa sammitində təsdiqlənəcəyi gözlənilir.
“AzPolitika”
Follow @7timesaz