“Onların trend dedikləri mahnıların heç birini toylarda gəlib məndən istəməyiblər”
“Bu yaxınlarda Azərbaycana gəlmişdim. Planlaşdırmışdım ki, 1 həftə qalıb, daha sonra qayıdacam. Elə yeni çatdım, bir gün keçmişdi ki, toy və yeni klip çəkilişi ilə bağlı Surquta qayıtmalı oldum. Surqutda rejissor Bəhruz bəy var, o zəng etdi ki, iki gün vaxtın var, təcili gəl. Toyumu da oxudum, klipimi də çəkdilər. Hazırda Moskvada həyat yoldaşımın yanındayam. Ramazan ayında sanatoriyada olacağıq. Məhərrəm ayında da yəqin ki, Azərbaycana gələcəyəm. Çünki yay aylarına düşür”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. Müğənni onun adından saytlarda “Rusiyada qadınlar Bakıdakı kimi biədəb geyinmirlər” başlıqlı yayılan yazılara da münasibətini bildirib. Müğənni bildirib ki, bu sözü o yox, izləyiciləri deyib.
“Bu sözü mən yox, izləyicilərim deyib. İnstaqrama Rusiyada iştirak etdiyim toylardan video yükləyirəm, xalq yazır. Mənim nəyimə lazımdır ki, desinlər ki, kiminsə geyiminə qarışır. Hər dəfə səhifəmə göz gəzdirəndə bu rəyləri görürəm. Mənim özümün də bir neçə dekolte geyimim var, amma geyinə bilmirəm. Məcburiyyətdən modelyerim Ülkər xanıma deyirəm ki, sən Allah sinəsini, qolunu və kürəyini bağlı et. Mən istəsəm də geyinim, alınmır, çünki burada geyinmirlər. Ən azından getdiyim toylarda görməmişəm. Bir rəqqasə var, adını çəkməyəcəm, mənə dedi ki, Bakıda işlərim zəifdir, danış mən də Moskvaya toylarına gəlim. Burada yaxın ailələr, toy sahibləri var idi. Bildirəndə ki, həmin rəqqasə gəlib burada açıq-saçıq geyimdə ərəb rəqsi oynamaq istəyir, dedilər ki, yox, bizdə toylara qətiyyən bu cür rəqqasələri gətirmirlər. Mən özüm də görmədim, ona dedim ki, burada budu-baldırı çöldə olan xanımlar ərəb rəqsi oynaya bilməz” deyə o bildirib.
Afət Fərmanqızı övladından da danışıb.
“Övladım universitetə və işə avtobusla, metro ilə getmək istəyir. İnsanlar onun tanınmış simanın övladı olduğunu biləndə o rahat avtobusa minə bilməyəcək. Avtomobilə də qətiyyən marağı yoxdur. Onunki ancaq elmdir. O həm xaricdə yaşayır, həm də Bakıda. Hazırda xarici ölkədə çalışır. Azərbaycanda yaşayanda nə qədər etdik ki, avtomobil alaq, dedi ki, istəmirəm. O sadə həyat xoşlayır, bahalı həyat yox” deyə Afət Fərmanqızı deyib.
Müğənni Rusiyada yaşasa da, yerli şou-biznesi izlədiyini də bildirib.
“Şou bizneslə maraqlanıram, çünki işim budur. Bir şeyə təəccüblənirəm ki, trend-trend dedikləri mahnıların heç birini toylarda gəlib məndən istəməyiblər. Hər gün toylarda olan müğənniyəm. Özümüz bəzilərini oxuyuruq, oxumasaq da bizdən istəyən yoxdur. Son vaxtlar trend Elnarə Abdullayevanın “Ömrüm” mahnısıdır, ondan başqa hansı müğənninin mahnısını trenddə görürsünüzsə, heç biri burada lazım deyil. Bir də “Gülüm” mahnısını məndən istəyirlər. Bu dəqiqə bir çox müğənnilər arzu edir ki, Rusiya toylarına dəvət alsınlar. Bilirlər ki, burada maddiyat tərəfdən hər şey yaxşıdır. O ki, qaldı yaradıcılığıma. Keçən il iki klip, altı mahnı ilə kifayətləndim. Bu il daxil olan kimi iki popuri, 3 yeni mahnı oxumuşam. Birini kliplə birgə təqdim etdim. 2-ci mahnım böyük şairimiz Nəbi Xəzrinin sözlərinədir. Bu mahnını da gələn həftə təqdim edəcəm. O biri həftə də “Ay mənim köhnə dostum” adlı mahnımı təqdim edəcəm. Bu il ən çox yeni mahnılara önəm verəcəyəm. Elə bilməyin ki, başım sənətimə qarışar, mənə atılan sözlərə cavab vermərəm! Yaşını-başını almış adamlardan kimsə bostanıma daş atarsa, daşı götürüb ona doğru ataram. Məndə yaxşıya yaxşıdır, pisə pis” deyə müğənni bildirib.
Afət Fərmanqızı xalq artisti Nazpəri Dostəliyevaya bənzərliyindən də danışıb.
“Əvvəl günündən Nazpəri xanımı çox istəmişəm. Hətta oğlum balaca uşaq idi, Nazpəri xanımı efirdə görüb demişdi ki, “mama oxuyur”. O zaman heç efirlərə də çıxmırdım. Nazpəri xanımın həm səsininin heyranı olmuşam, həm də xanımlığına sevgim, hörmətim olub. Xoş günlərdə görüşək, oğlu rəhmətə gedən günü elə gecə ilə Manaf Ağayevlə evlərinə gedib baş sağlığı verdik. Zeynəb xanımın vəfatı ilə bağlı isə sosial şəbəkədə başsağlığı verdim. Zeynəb xanımla daha yaxın idik, dərdləşirdik. Nazpəri xanımı da harada görsəm, gedib görüşürdüm, salam-sağolumuz var. Özünə hörmət edən sənətkarlara böyük hörmətlə yanaşıram. Sizə olduqca maraqlı bir əhvalat danışım. O vaxt gitara ifaçısı Rəhman Məmmədli və Manaf Ağayevlə Azərbaycandan Moskvaya, Moskvadan isə Soçiyə uçmalı idik. Moskvaya çatanda elan etdilər ki, hava şəraiti ilə əlaqədar Soçiyə təyyarə reysi təxirə salınıb. Dedilər ki, 10-15 saat hava limanında qalmalı olacaqsız. Heç birimizin də üstündə nə rubl var, nə də ki, dollar. Rəhman Moskvada yaşayan qardaşına zəng etdi ki, gəl bizi qarşıla. Qardaşı da dedi ki, qripəm, vəziyyətimiz ağırdır, yatırıq. Ya Rəhman idi, ya da Manaf, dedi ki, “Nazpəri xanımın yanında bizi biyabır etdin”. Qardaşı Nazpəri xanımın səsini eşidib, yataqdan dik atıldı! Bu 20 ilin söhbətidir. 2 saatlıq yolu 40 dəqiqəyə gəldi. Əyildi çamadanımı falan götürəndə Manaf mənə dedi ki, danışıb etmə, sakit dur. Mən də gözümə eynək taxıb, sakitcə gedirəm. Kişi deyir ki, “Nazpəri xanım efirdə necə hündürboydur, burada niyə belə görünmür?! (gülür). Gəldik oturduq maşına. Rəhmanın qardaşı dedi ki, yoldaşım sizin fanatınızdır, olar telefonla danışasız? Bunlar məni zarafat da olsa bu oyunun içinə salıblar, yalan da yalan gətirir. Manafa baxıram, Rəhmana baxıram ki, indi mən nə edim?! Mən də birtəhər yoldaşı ilə də danışdım. Sonradan dedim ki, mən Nazpəri xanım deyiləm. Bu hadisəni ürək açıqlığımdan danışıram, başqası olsa bəlkə də heç danışmaz. Hətta bəziləri mənə deyir ki, “sən niyə icazə verirsən ki, səni Nazpəri xanıma oxşatsınlar?”. Deyirəm ki, bu nə deməkdir?! Məni gözəl xanıma oxşadırlar da. Çox vaxtı da olub ki, əli Nazpəri xanıma çata bilməyənlər, toylarına məni dəvət ediblər. Nazpəri xanımın hesabına mən çox yaxşı pullar qazanmışam. Bunu mən danmıram. Hər müğənniyə də qismət olmur ki, Nazpəri xanıma bənzəsin. Bəzi müğənnilər özlərini zorla oxşadırlar. Onu çox istəyirəm. Müğənni var ki, Brilliant Dadaşovanı, Nəzakət Teymurovanı sevib səhnəyə gəlib, amma boynuna almır. Amma mən həmişə boynuma alıram, bununla da fəxr edirəm. Birinci Zeynəb xanım Xanlarovanı sevmişəm, sonra da Nazpəri xanımı. Mənim üçün bu iki gözəl insan həm əsl Azərbaycan xanımı, həm də böyük sənətkardırlar” deyə Afət Fərmanqızı deyib.
Follow @7timesaz