Müğənni efirdə yol hərəkəti qaydalarını pozduğunu etiraf edib.
Belə ki, ATV telekanalında yayımlanan verilişlərdən birində qonaq olan Nəfəs adı ilə tanınan müğənni sükan arxasına keçdiyi ilk gündən bu günə qədər təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyib.
O bildirib ki, təhlükəsizlik kəmərindən istifadə edə bilmir:
“Həqiqətən də maşına oturduğum ilk gündən bəri kəmər taxa bilmirəm. Həmişə polislər saxlayırlar. Doğurdan taxa bilmirəm. Bir gün bu dünyadan köçsəm, bilin ki, o kəmər üstündə köçmüşəm. Amma siz kəmər taxın”.
İctimai şəxsin efirdən bu cür çağırış etməsi mənfi nümunə hesab edildiyindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
7Times.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev oxu.az-a açıqlamasında bildirib ki, bu və digər formada olan mənfi təbliğatın daim əleyhinə olub:
“Xüsusən cəmiyyətdə tanınan insanların öz nümunəvi hərəkətləri ilə fəaliyyətimizdə bizə daha çox dəstək olmalarını gözləyirik. Vəzifəsindən, qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.
Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz qurum olaraq o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün gecə-gündüz çalışırıq. Bu istiqamətdə də hər kəsdən kömək və dəstək gözləyirik”.
Follow @7timesaz