Dünəndən müzakirə obyektinə çevrilən, tanınmış televiziya aparıcısı Zaur Kamalın ARB efirindən etdiyi qeyri-etik davranış sosial mediada da birmənalı qarşılanmayıb.
7Times.az Sfera.az-a istinadən bildirir ki, bununla bağlı bir sıra tanınmış şəxslər fikirlərini bölüşüblər. Məşhur aparıcı İlhamiyyə Rza baş verənlərin nə ilə bitəcəyindən söz açıb.
“İllərlə müşahidə etdiyim media idarəçiliyi “məntiqi”ni əsas tutaraq, deyə bilərəm ki, Təbrizli müğənni populyarlığının pik həddinə çatacaq. Zaur Kamal isə, əməkdar jurnalist adı alacaq”, deyə o bildirib.
Millət vəkili Razi Nurullayev isə şou-biznes qalmaqallarına fikir bildirmədiyini vurğulasa da, sözügedən mövzuya toxunub: “Bu məsələni dövlət əhəmiyyətli hesab edirəm. Zaur Kamalın Afşin Azərini studiyadan qovması ciddi siyasi yanlışlıq və qəbahət idi. Ola bilsin, Zaur bəy bu yükün nə qədər ağır olduğunu dərk edə bilməyib. Təəssüf edirəm!”.
Tanınmış aparıcı İradə İsak qeyd edib ki, o kanalların, rəhbərlərinin efir siyasəti bu aparıcıların üzərində dayanır və onların reytinqinə, reytinqdən gələn qazanca, bəzən, hətta özləri də sevmədikləri bu simalara möhtacdırlar:
“O aparıcılarla “ilahi varlıq” kimi hörmətlə yanaşırlar. “Aparıcının gözəl nitqi olmalıdır, xoş siması, intellekti olmalıdır” dediklərinizin biri də reytinq vermir. Çünki televiziya bazamız yoxdur, şou aparıcılar yetişdirilmir. Bu uşaqlar isə özləri-özlərini yaradıb, indi də kanala haqlı olaraq diqtə edir. “Mənim verilişim”, “mənim efirimdən çıx” deyir. Çünki həqiqətən elədir. Zamanında bir çox kanalların qapısını döydüm. “Gəlin, 70-ci illərin diktorlarının dilində yox, müasir standartlara cavab verən xəbər, proqram aparıcıları yetişdirək”, dedim. Hamısı özündən razı halda “ehtiyacımız yoxdur” , deyə bildirdilər. Amma hansısa bir aparıcının yaxa mikrofonundan sallaşa qalmağa ehtiyacları var, hətta möhtacdırlar. Özlərinin yaratdığı isə boş, sönük ulduzlardır və onları sizə yedirməzlər. Havayı ümid etməyin. Çünki başqa əlacları yoxdur”.Xatırladaq ki, ötən gün ARB kanalında yayımlanan “Həmin Zaur” verilişinə dəvət almış Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri verilişin aparıcısı Zaur Kamal tərəfindən kobud şəkildə efirdən qovulub.
Follow @7timesaz