“İlkin məlumatlara görə, “Omikron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştama yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur”.
7times xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.
“İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştamına yoluxanların deyil, virusun bütün ştamlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştamı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər.
“COVID-19-un hazırda dünyada geniş yayılmış “Delta” ştamı da daxil olmaqla bütün variantları xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, – təşkilatdan bildiriblər.
“Peyvəndləmə hələ də xəstəliyə ağır yoluxma və ölüm hallarının azaldılması baxımından həlledici əhəmiyyətə malikdir. Mövcud vaksinlər ağır yoluxma və ölüm hallarına qarşı effektiv olaraq qalmaqdadır. COVID-19 virusunun yayılmasını azaltmaq üçün görüləcək ən effektiv tədbirlərə 1 metrdən az olmayaraq məsafə saxlamaq, üzə sıx yapışan tibbi maska taxmaq, məkanda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açmaq, pis havalandırılan və ya insanların çox olduğu məkanlara getməmək, əlləri təmiz saxlamaq, öskürərkən və ya asqırarkən ağızı qol bükümü və ya parça ilə tutmaq, vaxtlı-vaxtında peyvənd olunmaq daxildir”, – ÜST-dən deyiblər.
Follow @7timesaz