Ölkə

“Onlar ölüyə müştəri gözü ilə baxır” – Elşad Miridən Şeyxin idarəsinə ittiham

“Onlar ölüyə müştəri gözü ilə baxır” – Elşad Miridən Şeyxin idarəsinə ittihambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlahiyyatçı Elşad Mirinin Yenisabah.az-a müsahibəsi:

– Elşad bəy, son dövrlər gənclərin ateizmə yönəlib, dindən qaçmasının səbəbi nədir?

– İnsanların ateizmə və ya deizmə yönəlməsinin səbəbləri müxtəlifdir. Gənclər özlərini digər insanlardan fərqləndirmək üçün bu yola addım atırlar. Eyni zamanda ətrafda olan dindarların hərəkətlərini, davranışlarını görüb bu addımı atırlar.

Dindarların etdiyi hərəkətlər dinlə əlaqələndirirlər və deyirlər ki, “Sənin dinin budusa, mən bu dində deyiləm”.

Digər məsələ isə onların beynində olan suallardır. Gənclərin müxtəlif sualları olur və həmin suallara cavab tapa bilmədikləri zaman ateizmə və ya deizmə yönəlirlər.

Başqa bir tərəfdən isə müsəlman ölkələrində vəziyyətin, başqa ölkələrə nisbətən daha acıncaqlı olmasıdır. Müsəlman ölkələrinin müəyyən Qərb ölkələrinə müraciət etməsi gənclərdə bu cür fikirlər formalaşdırır.

Lakin kimlərəsə baxıb qərar vermək ən asan yoldur. Çətin yol isə insanların etdikləri səhvləri araşdırıb doğru yolu seçməkdir. Təəssüflər olsun ki, asan yolu seçənlər, çətin yola addım atmırlar.

– Gənc nəsil gələcəyinin daha parlaq olması üçün hansı istiqamətə yönəlməlidir?

– İnsanların inkşafı üçün iki meyar var. Maddi və mənəvi tərəf. Maddi tərəfdən insanlar elm dediyimiz anlayışı doğru mənimsəyib, praktikaya töküb, maariflənməlidirlər. İnsanlar nəyisə kortəbii olduğu kimi qəbul etməli deyil. Maddi tərəfdən inkşaf etməyə çalışırlarsa mənəvi tərəfdən də inkşaf etməlidirlər. Elm insana müsbət və ya mənfilik verə bilər. Yaxşı və ya pisi elmdən gözləyə bilmərik. Bu estetika ilə bağlı olan bir şeydir.

Gənclər hər zaman axtarışda olmalıdır.

İslam, Quran bizə deyir ki, birinci növbədə yox deməyi bacarmalısan. Lə İləhə (tanrı yoxdur) İllallah (allahdan başqa tanrı yoxdur). Yəni insanlar yox deməyi, etiraz etməyi bacarmalıdır.

Öz üzərində çalışan, araşdıran, mühakimə qabiliyyəti olan gənclərdən bu məsələlərdə böyük bir irəliləyiş əldə ediləcəyinə inanıram. Gənclər keçən əsrlərdən bəri insanları ağuşuna alan mövhumatdan, xurafatdan həm dünyəvi həm də mənəvi tərəfləri sintez edərək qurtulacaqlar.

– Deizm bu məsələdən çıxış yolu ola bilərmi?

– Deizm ortaq bir yol deyil, insanlarda çaşqınlıq yaradır. Mən insanların çaşqınlıq içərisində qalmasını deyil, oradan bir yol tapıb çıxmalarını istəyirəm. Sadəcə Allah var başqa bir şey yoxdur, bu insanları mənəviyyatsızlığa apara biləcək bir yol ola bilər.

– Ateizmə yönələnlərlə yanaşı, dindarlığa yönələn gənclər də var. Bu məsələdə hansı amillər rol oynayır?

– SSRİ dövründə insanlar “ura” deyib gözüyumulu şəkildə gedib komunist, komsomol olurdular. Müstəqillik dövründə isə insanlar bilmədən ura yox, “Allahuəkbər” deyib dindar olmağı seçdilər. Lakin araşdırmadılar, sorğulamadılar. Çünki əlçatmaz olan bəzi məsələlər var idi.

Artıq sosial şəbəkələr var, internet əsridir. İnsanlar onlayn vasitə ilə hər şeyi əlçatan edib. Mən ümid edirəm ki, gənclərimiz birtərəfli deyil çoxtərəfli düşüncələrə qulaq asaraq müxtəlifliyi zənginlik kimi qəbul edib, düzgün yolu tapacaqlar.

Bir məsələni də qeyd edim ki, insanların təriqətlərdən, mənsəblərdən uzaq gəzmələri daha yaxşıdır. Təriqətlər, məhzəblər əhalini bölücülüyə aparır. İnsanları birliyə aparacaq vasitə isə İslamın mənbəyi olan Qurandır.

– Qafqaz Müsəlmanları İdarəsinin din siyasətini necə dəyərləndirirsiniz?

– Qafqaz Müsəlmanları İdarəsinin din siyasəti yoxdur. Onların bu günkü işi mollalar, din xadimləri ilə bağlıdır. Sadəcə kiminsə vəfat etməsini gözləyirlər ki, ölən insanlara müştəri gözü ilə baxıb, gedib yasda bir az oxusunlar, şirin dillə danışsınlar, orada olanların arasından da başqa müştərilər tapsınlar.

Sadəcə QMİ deyil Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin belə din siyasəti formalaşmıyıb. Nəyə necə qərar verəcəklərini bilmirlər. Çünki müəyyən şəxslərin əlində girova çevriliblər. Dini komitənin rəhbəri yaxşı insan ola bilər, lakin din savadı yoxdursa, həmin savadı ilahiyyatçılardan öyrənirsə və onlarda rəhbərə birtərəfli şəkildə məlumat verirlərsə, hansı din siyasətini formalaşdıra bilərlər?

QMİ-in rəhbərliyi 30 ildən çoxdur bizim ağrılı yerimiz olan Qarabağı, İranın ali dini liderinin fətvası ilə əlaqələndirirsə, burada hansı din siyasətindən söhbət gedə bilər? Bu tendensiya tamamilə dəyişməlidir. Yeni model, forma, müxtəlif fikirlərin müzakirəsi aparılmalıdır. Yoxsa bu forma bizi yaxşılığa doğru aparmayacaq.