Maqazin

“Oqtayın ölüm səbəbi bilinmir”

“Oqtayın ölüm səbəbi bilinmir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən özüm də hadisənin içindəydim, Nə yaxşı ki, orada, onunla bərabər bu hadisəni yaşadım. Hesab edirəm ki, evdə otursaydım, zəng edib desəydilər, alınmazdı. Necə ki, birgə bu yolu getdik, elə sona qədər, son saniyəsinədək orada idim”.

OLAY yazır ki, bu sözləri Ülvira Qarayevaya müsahibəsində Əməkdar artist Dilarə Əliyeva deyib. O həyat yoldaşı Oqtay Əliyevi itirdiyi qəzadan bəhs edib:

“Hər şey yaxşı idi, lap kinolardakı kimi. Biz həmin gün bağa getməli deyildik. Bir gün əvvəl getmişdik, tonqal yandırıb, bayramı qeyd etmişdik. Həmin gün Oqtayın işi çox idi, yorğun idi. Getməməli idik. Çox israr etdi ki, gedək. Nə yaxşı ki, mən də getdim. O mənsiz gedib, belə bir hadisə baş versəydi, özümü bağışlamazdım. Deyərdim, orada olsaydım, bəlkə nəsə edərdim. Hər şey yaxşı idi, deyib-gülürdük. Sadəcə bağa yenə gedək dedi. Ora üçün ürəyi gedirdi. Mən də onun uşaq kimi sevinməyini bilirdim. İsrardan sonra getdik. Birinci, Mehribanı götürmüşdü, o da qabaqda oturmuşdu. Mən də arxada əyləşdim. Yolda söhbətləşirik, gülürük. Oqtay da çox gözəl maşın sürürdü, dəhşətli dərəcədə sevirdi. Biz 3-4 dəqiqə idi ki, danışmırdıq, hər şey yolunda idi, birdən maşın sürətləndi, biz Mehribanla qışqırdıq. 

Maşın yoldan çıxdı və aşdı. Gözümü açdım, gerisini bilirsiz. Onda Mehriban qan içindəydi, Oqtayı maşından çıxarmışdılar. Mənə heç bir şey olmadı, burnum da qanamadı. Oqtayın yanına getmək istəyəndə qoymadılar. Yaxınlaşdıqca oradan aparmaq istəyirdilər. Mən də qəza yerindən ayrılmamaq üçün dedim ki, yaxşı yaxınlaşmıram. Onda deməmişdilər ki, Oqtay artıq yoxdur. Söylədilər ki, yaxşı deyil, təcili yardım gəlsin aparsınlar. Düşünürəm ki, başa düşürdüm, anlamaq, inanmaq istəmirdim. O an istəyirdim ki, məni balaca uşaq kimi aldatsınlar. Desinlər ki, belə şey yoxdur. İndi danışıram, gedirəm yoxdur. Hərdən fikirləşirəm ki, nə baş verdiyini sona qədər anlamıram. Deyirəm ki, bəlkə də anlamamağım daha yaxşıdır”.

D. Əliyeva deyib ki, ekspertiziya ölüm səbəbi ilə bağlı rəy versə də, O. Əliyevin hansı səbəbdən maşının idarəçiliyini itirdiyini müəyyən edə bilmirlər:

“Bizə deyə bilmədilər ki, o an huşunu itirib, təzyiqimi olub. Nə baş verib, bunu deyə bilmirlər. Sadəcə onu deyə bilirlər ki, qəza zamanı aldığı travmalardan dünyasını dəyişib. Nə baş verdi, niyə düz yolda belə etdi? Onu bilmirik. Oqtayın ciddi xəstəliyi, şikayəti olmayıb. Ürəyində, başında bir problem yox idi. Sadəcə artıq çəki almışdı. Belə bir rəy, ekspert kağızı yoxdur ki, huşunu itirib, beyninə qan sızıb, ya ürəyindənmi olub”.