Ermənistanın düşdüyü böhranla bağlı düşmən ölkədə ictimai-siyasi hadisələr fərqli istiqamətdə inkişaf edir. Sadə insanların iqtidar və müxalifətə inamı qalmayıb. Bəzi siyasi avantüristlər ölkənin düşdüyü siyasi böhrandan istifadə edib, ictimai rəyə hesablanan bəyanatlar verməklə məşğuldur. Bulanıq suda balıq tutmağa həvəsli siyasətçilər əllərinə düşən birinci imkanda baş nazir Nikol Paşinyanı ittiham edir. Belə ittihamları səsləndirənlərin əksəriyyəti Koçaryan və Sarkisyanın hakimiyyətləri dövründə yüksək vəzifə tutan keçmiş məmurlardır. 20 il Ermənistanı talayan bu qüvvələr Azərbaycan-Ermənistan danışıqlarının dalana dirənməsində əllərindən gələni ediblər və nəticədə münaqişə həll olunmayıb. Bir neçə ay əvvəl siyasi arenada fəallığını artıran keçmiş xarici işlər naziri Vardan Oskanyan hökumət qarşısında bəzi təkliflərlə çıxış etsə də, sonda onun arzularının xam xəyal olduğu məlum oldu. 30 il erməni xalqını fəlakətə sürükləyən Oskanyan kimi siyasətçilər özlərindən “qalib xalq” imici formalaşdırmaqla, danışıqların dalana dirənməsi üçün əllərindən gələn hər şeyi ediblər. 35 il əvvəl başladıqları “miatsum” layihəsi iflasa uğradıqdan sonra da səhv etdiklərini anlamayan Oskanyan kimi siyasətçilər yenə Azərbaycan əleyhinə bəyanatlar verməkdən çəkinmirlər. Ermənistan baş nazirinə təklif göndərən keçmiş xarici işlər naziri bildirib ki, “Qarabağı xilas etmək imkanı hələ tükənməyib”. Bilmirəm, Oskanyan nəyi nəzərdə tutur, amma uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən bir nəfərin bu qədər primitiv düşünməsi erməni xalqının ümumi səviyyəsini göstərir. Yenidən münaqişəni alovlandırmaq üçün yollar fikirləşən revanşist qüvvələrə 24 saatlıq antiterror tədbirləri bəs etməyib və hələ onlar dəhşətli məğlubiyyətlərindən dərs çıxarmayıblar.
Oskanyan hesab edir ki, Ermənistan hakimiyyəti siyasətini dəyişməlidir: “Bütün ermənilər yığılıb vətəni xilas etməliyik. Hələ gec deyil və heç nə itirilməyib. Bütün sirləri açmaq istəmirəm, amma nə edilməli olduğunu təqdim edə bilərəm. İndi məsələlər o qədər həssasdır ki, mən o məqamları aça bilmirəm. Bu taleyüklü mərhələdə ayıq olun, biz Qarabağı itirə bilmərik. Bu, bizim tarixi torpağımızdır”.
Daha sonra Nikol Paşinyanı kəskin tənqid edən Oskanyan bildirib ki, Ermənistan hakimiyyətinin siyasəti nəticəsində Qarabağ “rəhbərliyi” terrorçu kimi təqdim olunub: “Siz demək istəyirsiniz ki, Minsk Qrupuna həmsədrlik edən üç fövqəldövlətin – Fransa, ABŞ, Rusiya Federasiyasının nümayəndələri regiona gələndə Qarabağ “rəhbərliyi” ilə görüşüblər, terrorçularla danışıblar?Bu, Ermənistan hökumətinin yanlış siyasətinin nəticəsidir. Son beş ildə, hər kritik mərhələdə, Paşinyan ölümcül səhvini edənə qədər, ona açıq və pərdəarxası məsləhətlər verilirdi, lakin o dinləmədi”.
Hələ də reallığı qəbul etməyən Oskanyan kimi erməni siyasətçilər hesab edirlər ki, yenidən keçmişə qayıtmaq mümkündür. Nikol Paşinyanı ittiham edən bu adamların siyasəti nəticəsində indi erməni xalqı özünün ən ağır, ən çətin günlərini yaşayır. Oskanyan və dostları isə hələ də ümidini üzməyib. Əslində onlar da Qarabağ mövzusunun həmişəlik bağlandığını anlayırlar, sadəcə bunu etiraf etməkdə çətinlik çəkirlər.
KONKRET. az
Follow @7timesaz