Dünya

Osmanlı kökənli rus ekspert Krım haqda sualımıza necə cavab verdi?-“Şuşa və s. kimi…”

Osmanlı kökənli rus ekspert Krım haqda sualımıza necə cavab verdi?-“Şuşa və s. kimi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Birincisi,  krımlıları faşist hərəkatlarının onlara qarşı açıq repressiyalarından qorumaq lazım idi…”
“Ulu babam yeniçəri türk ordusunun birinci bölüyünə götürülüb…”
Tanınmış hərbi politoloq,  G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və Ssosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ekspert şurasının üzvü  Aleksandr Perenciyev Moderator.az əməkdaşının  son Rusiya-Ukrayna gərginliyinin mahiyyəti və Krım məsələsi ilə bağlı suallarını cavablandırıb.
Haşiyə: 
Bəhs edilən Rusiya hərbi eksperti özünü Osmanlı kökənli sanır. Belə ki, Aleksandr Perenciyev hələ 2019-cu ildə  Rusiya müsəlmanlarının “Həqiqətin səsi” verilişinə müsahibəsində özünün Osmanlı-Türkiyə kökləri barədə danışıb.
“Mənim köküm türkiyəlidür. O mənada yox ki, mənim əcdadlarım türk olub. Mənim ulu babam Sofiyada doğulmuş bolqar olub. O dövrdə gənc bolqar kişiləri yeniçəri qismində türk ordusuna götürülüb. Əsgərlərin olduğu bir sıra bölüklər mövcud olub. Mənim ulu babam yeniçəri türk ordusunun birinci bölüyünə götürülüb. Onları “birinci” adlandırıblar. Bundan sonra onun soyadı “Perenci” (Birinci) olub. Rusiya imperiyasına köçdükdən sonra onun soyadı “Perenciyev”ə çevrilib. Əsl köküm budur” – deyə ekspert bildirib.
-Aleksandr Nikolayeviç, siz hərbi politoloq kimi eyni zamanda müəyyən dərəcədə etno-siyasi konfliktologiya üzrə də mütəxəssissiniz. Bu mənada necə düşünürsünüz, son 8 ildə iki slavyan xalqı: ruslar və ukrayınlar arasında az qala düşmənçilik həddinə çatan gərginliyin əsl mahiyyəti nədən ibarətdir? Obyektiv və ədalətli danışsaq,  bunda Rusiya və Ukrayna hakimiyyətlərinin, eyni zamanda Qərbin, ABŞ-ın günahları nədən ibarətdir?
– Bu, müstəsna olaraq, ilk növbədə, 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirmiş, nəticədə faşist-millətçi qüvvələrin hakimiyyəti ələ keçirməsinə şərait yaratmış rəsmi Vaşinqtonun günahıdır. Nezalejnayadan (ukrayınca müstəqil.   Millətçi ruslar bu ifadə ilə daha çox ironik və istehzalı məzmunla müstəqil Ukraynanı adlandırırlar-S.L.) Anti-Rusiya yarandı. Ölkə əhalisinin ukrayınlaşdırılmasının zorakı kursu aparılır. Ukrayna sakinlərindən Rusiyaya və ruslara nifrət edən bir çox insanlar formalaşdırırlar və artıq onlar formalaşıblar. Rəsmi Kiyev Vaşinqtonun və digər Qərb paytaxtlarının əmrlərini yerinə yetirən marionet hökumətdir. Yeri gəlmişkən, Rusiyaya nifrət ABŞ tərəfindən digər slavyan xalqları – polyaklar, çexlər, bolqarlarda da dəstəklənir…
Yəni Baltikyanı ölkələr, Ukrayna və digər Şərqi Avropa ölkələri timsalında rəsmi Vaşinqton Rusiya ilə Qərbi Avropa arasında “sanitar kordonu” yaratdı. Məhz rəsmi Moskva ilə “Köhnə Avropa” arasında əməkdaşlıq ABŞ üçün ciddi, ilk növbədə iqtisadi və son nəticədə siyasi çağırışdır. Axı belə əməkdaşlıq daha bir güc mərkəzini formalaşdırır ki, rəsmi Vaşinqton ona nəinki nəzarət edə bilməyəcək, əksinə, yenidən onunla siyasi-beynəlxalq, iqtisadi və hətta hərbi-siyasi təsir sferasında rəqabətə girməyə məcbur olacaq…
– Görünür, siz Krımın Rusiya Federasiyasına birləşdirilməsini də ədalətli sayırsınız? Həm hüquqi, həm də tarixi baxımdan?
– Bəli, bu,  ədalətlidir!
Birincisi,  krımlıları faşist hərəkatlarının onlara qarşı açıq repressiyalarından qorumaq lazım idi. Burada qondarma “dostluq qatarı”nı  sadalamaq olar: 2014-cü il mayın 2-də Odessada  onlarla adamın qeyri-insani yandırılması, Donbass sakinlərinin qətli və onların təhqir olunması… Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, qondarma milli batalyonlar tərəfindən edam, soyqırım və digər soyqırım aktları Donbassda hələ milis və “separatçı” rejimlərin olmadığı 2014-cü ilin mart-aprel ayının əvvəllərində başlayıb.  Məhz müasir ukraynalı faşistlərin açıq-aşkar soyqırımından müdafiəsi üçün Donbass sakinləri xalq milisləri yaratdılar və DXR və LXR-in yaradıldığını elan etdilər…
İkincisi, Krım SSRİ-nin dağılması zamanı qeyri-qanuni olaraq Ukraynanın tərkibinə daxil olub. İki anlayışı – SSRİ tərkibindəki Ukrayna SSR və müstəqil Ukrayna Respublikasını ayırd etmək lazımdır. Krım o zaman Ukraynanın bir hissəsi ola bilərdi ki, Ukrayna və Rusiyanın özü vahid dövlətin tərkibində olsun. Bir daha xatırlatmaq lazımdır ki, Krım RSFSR-in tərkibində olub və rus və ukrayna xalqları arasında dostluq simvolu kimi Ukrayna SSR-ə verilib!..
Üçüncüsü. Krım və Sevastopol xarici müşahidəçilərin nəzarəti altında keçirilmiş ədalətli referendumdan sonra öz əhalisinin azad iradəsinin ifadəsi nəticəsində Rusiyaya qayıdıb. Ona görə də Krımın və Sevastopolun ilhaqı olmayıb. Sadəcə, onların sakinlərinin Rusiya Federasiyasına qayıtmaq arzusu reallaşıb.  Eyni zamanda, Rusiya Federasiyasının bu subyektlərinin ərazisində Ukrayna, Krım-tatar, bolqar və digər dillərdən də sərbəst istifadə olunur. Son 7 ildə rəsmi Moskvanın səyləri ilə Krım yarımadası dilənçi və bərbad ərazidən abad əraziyə çevrilməkdədir. Rəsmi Bakının səyi ilə azad edilib məskunlaşdırılan 7 rayon, Şuşa və digərləri kimi!..